Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini İmamquluyev Eşqin Elşad oğlu tərəfindən “Hurriyyet.az” saytının redasiyasına şikayət ərizəsi daxil olub. Vətəndaş bildirir ki, əvvəllər aldığı ünvanlı sosial yardımı artıq ala bilmir.
“Mən, İmamquluyev Eşqin Elşad oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, ailəliyəm, 2 oğlum var. Gələcəyin əsgərlərini böyüdürəm, amma çox çətindir. Çünki dolanışığım sıfır həddindədir. Heç bir yerdə işləmirəm. Yoldaşım da evdar qadındır. Gəlir yerimiz yoxdur. İş olanda günəmuzd fəhlə kimi işləyirəm. Hamısıaha and olsun ki, vəziyətim çox bərbaddır”, deyə şikayətçi yazır.
Vətəndaş 3 ay əvvəl ünvanlı sosial yardım üçün müraciət etdiyini bildirir: “Üç aydır ki, ünvanlı sosial yardım üçün müraciət etmişəm. Nə bir yoxlanış gəlir, nə bir təyinat. Əvvəllər bir il müddətində ünvanlı sosial yardım alırdım. Daha sonra yardımın yenilənməsi üçün quruma müraciət etdim. Dedilər ki, evə baxış keçirəcəklər. Lakin gələn yoxdur. Hər dəfə elektron sistemdə “emal olunur” yazılır”.
İmamquluyev Eşqin bildirir ki, dörd il öncə 44 günlük müharibədə iştirak etmək üçün də müraciət edib. “Müharibə vaxtı könüllü olaraq döyüşmək üçün müraciət etmişdim, amma aparmamışdılar. Məktəbdə oxuyan vaxtı hərbiyə gedib, qol çəkib, xidmət göstərmişəm”, yazan şikayətçi, “Sizdən artıq dərəcədə rica edirəm, mənim səsmə səs verin. Uşaqlarıma görə, ünvanlı sosial yardıma ehtiyacım var. Xahiş edirəm, problemimi işıqlandırın”, deyə onun probleminin həll olunması üçün yardım istəyir.
Məsələ ilə bağlı “Hurriyyet.az” saytı olaraq Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərdik.