Bu günlərdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bir daha Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasından bəhs edib. Vurğulanıb ki, hazırda Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün əsas marşrutlar mahiyyətcə Rusiya və Çin ərazisindən keçir. Bu marşrutun Azərbaycan və Ermənistandan keçməsinin zəruriliyi önə çəkilib. Bu da sözsüz ki, Zəngəzur dəhlizinin açılmasında Ağ Evin nə dərəcədə maraqlı olduğunu göstərir.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
“İranın ali dini lideri Ayətullah Xamenei isə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin təhlükəli olduğunu qeyd edib. Görünən odur ki, Zəngəzurdan keçəcək 44 km-lik dəmir yolu xətti ABŞ, Çin, İran və digərləri üçün çox maraqlıdır. Azərbaycanla Türkiyə də bu dəhlizin açılmasına çalışır. Hətta Türkiyədəki millətçilər Zəngəzur dəhlizinə başqa bir rəng veriblər”, – deyə o əlavə edib.
Politoloq hesab edir ki, Naxçıvanı Azərbaycanla bağlayan dəmir yolu sovet dövründə inzibati olaraq Bakıya tabe idi:
“Orada çalışan ermənilər belə maaşı Azərbaycan Dəmir Yolları İdarəsindən alırdı. Bu da onunla izah edilir ki, Meğri dəmir yolu Ermənistan dəmir yolu ilə birbaşa bağlı deyil. Naxçıvandan keçəndən sonra o, Ermənistan dəmir yolu şəbəkəsinə birləşir. 30 illik işğal dövründə ermənilər həmin dəmir yolunun relslərini, şpallarını oğurlayıb satıb. İndi isə Azərbaycanın əsas tələbi odur ki, Naxçıvanla dəmir və şosse yolu açılsın”.
Zərdüşt Əlizadə bildirib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda da Zəngəzurdan keçən kommunikasiya xəttinin bərpa edilməsi əksini tapıb:
“Bəyanatın 9-cü bəndində qeyd edilib ki, Zəngəzurdan keçən kommunikasiya xətti açılacaq. Bu xəttə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət edəcək. Sadəcə olaraq indiki halda Ermənistan Rusiyanın cəngindən xilas olmaq üçün Moskvanın nəzarət mexanizmlərini öz ərazisindən bir-bir sıradan çıxarır. İrəvandakı Zvartnost hava limanından rus sərhədçilərinin çıxarılması bu işin başlanğıcı idi”.