Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.
Müstəqilliyimizin qazanılmasından sonralatın qrafikalı Azərbaycan əlifbasına keçid olundu. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin Fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ulu Öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirmiş və milli kitabxana fondunu zənginləşdirmişdir.
Aysel Mənsimova – politoloq