Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin “Vivamed” klinikasından tezliklə həbsxanaya köçürüləcəyini açıqlayıb.
“Həkimlər onun səhhətini qiymətləndirirlər, Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək, bu barədə çox yaxında məlumat alacaqsınız, mən onun səhhətinin kəskin şəkildə yaxşılaşmasına şadam və ona cansağlığı arzulayıram”, – Breqadze deyib.
Saakaşvili 2021-ci ildə Gürcüstana qayıtdıqdan sonra həbs olunub, 2022-ci ilin may ayından Tbilisidəki “Vivamed” klinikasında müalicə alır, uzun aclıq aksiyasından sonra həbsxanadan buraya köçürülüb. Bir neçə dəfə müstəqil ekspertiza anoreksiya və kaxeksiya səbəbindən Saakaşvilinin vəziyyətini kritik qiymətləndirib.
Sonuncu dəfə Ombudsmanın çağırdığı həkimlər şurası Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb.(“News Georgia” )