Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib. 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd edən Fransa prezidentinə xatırlatmaq lazımdır ki, 44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin müddəalarının və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin icrasını təmin etməklə beynəlxalq hüququn və ədalətin təntənəsi olub. Prezident Makron bu şanlı tarixə qara yaxmağa cəhd etmək əvəzinə Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir. Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək, 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir. Fransa Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmalıdır.
Politoloq Elxan Şahinoğlu “Sherg.az”a deyib ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini korrektə etmək istəmir. Onun son təxribatçı çıxışı buna dəlalət edir:
“Makronun sözlərinə görə, guya Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbaycandan qoruya bilsin. 30 ilə yaxın torpaqlarımız işğal altında olanda Ermənistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdilər. Elə ki, Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi, Fransa əl-ayağa düşdü, ay-haray salmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azərbaycanla sülhə təşviq etmək əvəzinə, Konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd olduğunu anlatmaq əvəzinə Paris gücsüz İrəvana sanki belə mesaj göndərir ki, “möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah və sursatı biz göndərəcəyik”. Makron deyib ki, Baş nazir Nikol Paşinyanın Azərbaycana hücum etmək planı yoxdur. Həqiqətən Paşinyan o durumda deyil ki, bu haqda düşünsün, o, İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan getmir, baş nazirin də etiraf etdiyi ordusundakı “5-ci kolondan”, “Yerkrapa” kimi terrorçu təşkilatların varlığından gedir ki, Azərbaycana qarşı təxribatları ilə yadda qalıblar”.
Analitik vurğulayıb ki, Makron və onun ətrafı o qədər erməni sevgisinə bürünüblər ki, Ermənistandakı təxribatçıları görməzdən gəlirlər: “Makron deyir ki, 2020-ci ildə Azərbaycan “dəhşətli” müharibəyə başlayıb. Makron unudur ki, onun “dəhşətli” adlandırdığı müharibə Azərbaycan ərazisində baş verib, məqsəd separatizmə son qoymaq olub. Fransa öz müstəmləkələrində necə separatçılara qarşı mübarizə aparırsa, Azərbaycanın da separatçılara qarşı mübarizə aparmaq hüququ var. Beynəlxalq hüquq da bunu diktə edir. Makron Azərbaycanın bu hüququnu tanımırsa, bu onun problemidir. Makron açıqlamasının sonunda xala-xətrin xoş olsun deyə Ermənistanla Azərbaycan arasında sülhə dəstək verəcəyini bildirib. Sən bircə iki dövlətə mane olma, Ermənistandakı təxribatçıları qızışdırma, sülhə Fransanın iştirakı olmadan da nail ola bilərik. Fransanın Ermənistana göndərdiyi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Paşinyan bunu anlayanda gec ola bilər”.