Avropa İttifaqının enerji təhlükəsizliyində yeni çağırışlar daha etibarlı tərəfdaşların əldə edilməsini zərurətə çevirib. Əsas diqqət enerji müstəqilliyinə nail olmaqdır. Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyində böhran yaradıb və “Qoca qitə”də enerji problemini dərinləşdirib. Buna təkcə Ukrayna ilə müharibə aparan Rusiya yox, Qərb ölkələri tərəfindən bu ölkəyə tətbiq edilən sanksiyalar da səbəb olub. Avropada qaz qıtlığının səbəbini Rusiyadan gələn kəmərlərdə yaradılan əngəllər, məhdudiyyətlərdir. Məlumdur ki, Avropanın əksər ölkələri enerji baxımından xüsusilə Rusiyadan asılıdırlar. Müharibə və sanksiyaların yaratdığı maneələr Azərbaycanın strateji əhəmiyyətini daha da artıb.
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlər və təkliflər də bunu təsdiqləyir. Azərbaycanın etibarlı tərəfdaş olması bu məsələdə münasibətlərin daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.
Bu gün Avropaya Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalı artıb. Lakin bu, hələlik yetərli deyil, amma daxili infrastrukturu genişləndirmək üçün növbəti addımlar atmalıdır. Rusiya qazından asılılığımızı aradan qaldırmağı hədəfləyən Avropa Azərbaycanla enerji keçidi məsələsində də yaxından əməkdaşlıq etmək niyyətindədir. Bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb. Aİ ölkələrinə – Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir. 2023-cü ildə Azərbaycan Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır. Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyədir. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev toplantı çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, NATO-nun keçmiş baş katibi Stoltonberq, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və digər dövlət başçıları və Sammit iştirakçıları ilə də söhbət edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, regional proseslərə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmi qeyd edilib, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: “Enerji layihələrində Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”.
Azərbaycanın qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşı olmasını ötən ay Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero deyib. Qeyd edilib ki, hazırda Azərbaycandan Avropaya nəql edilən qazın illik 20 mlrd. kubmetrdək artırılması istiqamətində işlər davam etdirilir. Kristina Lobillo Borrero Azərbaycanla enerji keçidi məsələsində də yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Müşahidəçilər isə hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycan qazına tələbatı artırıb.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru