Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rolunu qoruyub saxlamaqla yanaşı, həm ənənəvi, həm də bərpa olunan enerji təchizatı sahəsindəki mövqelərini daha da gücləndirir.
Ölkəmiz uzun illər ərzində bütün digər sahələrdə olduğu kimi, enerji sektorunda da etibarlı tərəfdaş kimi çıxış edib.
Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyevin iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxıında qeyd olunduğu kimi bu, çox böyük məsuliyyətdir. Bu yanaşma eyni zamanda, Azərbaycanın öz öhdəliklərinə sadiqliyini nümayiş etdirir.
Hazırda məlum Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Təkcə bu göstərici Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyindəki sabitləşdirici mövqeyinin vacibliyini vurğulamaq üçün yetərlidir.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”, – deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə ölkəmiz Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrax edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqlardan imtina etməsinə gəldikdə isə, təkcə bu fakt rəsmi İrəvanın Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadığını, regiondankənar qüvvələrin maraqlarının ifadəçisi missiyasını yerinə yetridiyini təsdiqləyir.
Bu fakt həm də sübuta yetirir ki, Ermənistan sülh müqaviləsinə maneə yaradan hüquqi problemləri aradan qaldırmaq, Azərbaycana qarşı konstyitusiya səviyyəsində ərazi iddialarına son qoymaq niyyətində deyil. Burada şübhəsiz ki, həm daxili, həm də xarici faktorlar rol oynayır. Amma xarici amil ön sıradandır və istisna etmirəm ki, Avropa İttifaqından kənar bir ölkədə – Böyük Britaniyada sülh danışıqlarının davam etdirilməsində maraqlı olmayan qüvvələr var.
Türkan Cümşüdova – YAP üzvü