İyulun 18-də Böyük Britaniyada, London şəhəri yaxınlığında keçirilən Avropa Siyasi Birliyinin 4-cü Sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi barədə rəsmi Bakının yaydığı məlumat İrəvanda qızğın müzakirələrə səbəb olub.
Paşinyanın görüşdən imtinası bəzi maraqlı fərziyələrə yol açmaqla yanaşı, təbii suallar da doğurur. Misal üçün, Ermənistan baş naziri nədən narahatdır, yaxud hansı paxırının üstünün açılacağından qorxur ki, dövlət başçımızla görüşmək fürsətini əldən buraxıb? İmtina qərarını, o, özü sərbəst qəbul edib, yoxsa bu məsələdə ona kənardan “yardım” göstərilib? Suallarımızı tanınmış siyasi ekspertlər cavablandırırlar.
Nikol Paşinyan yenə hoqqabazlıq edir. Onun üçün Fransa Prezidenti, Aİ rəhbəri və Almaniya Kanslerinin iştirakı ilə görüşmək daha cəlbedicidir. Yəni ikitərəfli deyil, beştərəfli formata üstünlük verirdi. Amma o zaman Bakı qəti olaraq bildirdi ki, əgər danışıqlar masası arxasında Fransa rəhbəri oturursa, bu halda Türkiyə Prezidenti də orada iştirak etməlidir. Söhbət Madrid Sammitindən gedir. Onda özləri toplaşdılar, hansısa bəyanatı qəbul etdilər. Əlbəttə ki, Azərbaycanla razılaşdırılmamış həmin bəyanatı Bakı qəbul etmədi. Nikol Paşinyan bu dəfə də danışıqlarda Fransanın olmasını, Almaniya Kanslerinin yerinə isə Böyük Britaniyanın Baş nazirinin iştirakını istəyib. Təbii ki, Azərbaycan lideri onun bu istəyinə “yox” cavabını verib. Hər halda, o, Makronsuz İlham Əliyevlə görüşməkdən çəkinib. Görüş yalnız ikitərəfli formatda keçirilməlidir. Londonda ev sahibi kimi Böyük Britaniyanın Baş naziri, sadəcə, görüşün təşkilatçısı qismində ola bilərdi. Belə çıxır ki, Paşinyan üçtərəfli görüşdən də boyun qaçırır.
Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtinası Azərbaycan üçün faciə deyil. Əslində, bizim buna heç ehtiyacımız da yoxdur. Sülh sazişinin imzalanmasında, bölgədə əmin-amanlığın yaranmasında Paşinyan özü maraqlı olmalıdır. Paşinyan bütün çıxışlarında bu tezisləri təkrarlayır, müzakirələri də bu istiqamətdə aparır. Görünən odur ki, Londona toplaşan Avropa ölkələrinin liderləri sülh naminə addımların Ermənistan deyil, Azərbaycan tərəfindən atıldığının şahididirlər. Yəni əgər onlar İrəvanın başını sığallayırlarsa, onda Ermənistanın bölgədə sülhün bərqərar olmasına maraq göstərmədiyini də görməlidirlər.
Hazırda Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. İndi rəsmi İrəvan bu addımı ilə Moskvaya göstərmək istəyir ki, guya, ona sadiqdir. Bu imtinanın sonrasını gözləmək lazımdır, çünki sammit hələ davam edir. Aydın məsələdir ki, görüşün təşəbbüskarı Böyük Britaniya tərəfidir. Bəzi mənbələr bildirirlər ki, ermənilər Böyük Britaniyanın vasitəçilik etməsini istəmirlər. Həmçinin Ermənistan cəmiyyətində müxtəlif versiyalar səslənməkdədir. Bunlardan biri budur ki, onlar noyabrda Qərbə yönələn siyasətlərindən imtina etməlidirlər. Çünki hazırda ABŞ-da Co Baydenin seçkilərdə qalib gəlmək şansı olduqca azdır. Yəni İrəvanın Qərbə yönəlik siyasətinə təkcə Fransanın dəstəyi kifayət eləməz. Ona görə də Ermənistan hakimiyyəti Qərblə hansısa inteqrasiya prosedurlarına getməyə ehtiyat edir. Fikrimizcə, Paşinyanın görüşdən imtinasının səbəbini sülhdən qaçmaq kimi qəbul etmək hələ tezdir.
Beləliklə, rəsmi İrəvanın “sülhdənqaçma” marafonu davam etməkdədir. Buna təkcə biz deyil, artıq Avropa Siyasi Birliyinin mötəbər iştirakçıları kimi, bütün dünya şahidlik edir. İndiki məqamda bizim üçün daha önəmlisi bu reallığa hamıdan çox Bakının İrəvana kompromisə getməyini istəyən ABŞ Dövlət Departamentinin diqqət yetirməsidir. Nəticəni özləri çıxarsınlar.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası