Prezident İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirmək kifayət edir ki, dövlətimizin başçısının xarici siyasətdə ardıcıllıq və bütövlük nümayiş etdirdiyinin əyani şahidi olasan. Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi, bunun ardınca isə iyulun 18-də Londona səfər, bu platformada Azərbaycanın iştirakı dövlətimizin başçısının yürütdüyü xarici siyasətin uğurlu və çoxşaxəli olduğundan xəbər verir. Üstəlik, o faktı da nəzərə almaq lazımdır ki, bu gün dünya birliyinin üzvləri arasında parçalanma daha da dərinləşir. Bu mənfi meyillər yaxın keçmişdə baş verən ilk hadisə olmadığı kimi, yaxın gələcəkdə də son olacağını deməyə əsas vermir. Aydın məsələdir ki, ssenari fərqli olacaq, çünki ölkələrin bəziləri Qərb fövqəldövlətlər blokuna qarşı neytrallığa meyilli olduqları halda, bəziləri riskləri belə nəzərə alaraq dayanacaqları yerin siqnalını da aydın verir. Azərbaycan belə təlatümlü proseslər kontekstində təmkin nümayiş etdirir, bazisi iqtisadi əməkdaşlıq üzərində dayanacaq əlaqələrə üstünlük verir.
Azərbaycan azad və fəal xarici siyasət yürüdən ölkə kimi dinamik qlobal siyasi bürcdə unikal mövqeyə malikdir. Ölkəmiz davamlı müstəqilliyə, əbədi sülhə əsaslanan dünya nizamının reallaşmasını dəstəkləmək üçün milli maraqlara əsaslanan xarici siyasət yürütməyin ideal modelini təqdim edir. Bəlkə də bunu neytral siyasət də adlandırmaq düzgün olmaz. Bu, praqmatizmə söykənən, ən çətin məqamda belə zərbələri maksimum dərəcədə neytrallaşdıran və dərhal müsbət nəticə, məhsul vəd edən xətdir. Ölkəmiz yenə də qərəzsiz, lakin ədalətli olacaq, digər xalqların və dövlətlərin təzyiqi ilə qərarlar qəbul etməməklə yanaşı, başqa xalqların da haqq səsinin eşidiləcəyi ilkin məkan olacaq, ya da onu yaradacaq. Məhz bu baxımdan COP29 həm də Azərbaycanın məkan təqdim etməsi baxımından mühüm tədbir olacaq.
Azərbaycan Prezidenti dərin diplomatik biliyi və şəxsi keyfiyyətləri ilə öz mövqeyini və Azərbaycanın imicini gücləndirir. Çünki dövlətimizin başçısının fəaliyyəti azad və fəal xarici siyasətin məhsulu olduğu qədər, həm də prinsipiallığa əsaslanır. Bu baxımdan qlobal iqtisadiyyat və cəmiyyətdən təcrid etmək meyillərinin yanında yer almamaqla yanaşı, mühüm missiyalardan biri kimi möhkəm, davamlı və əhatəli qlobal artıma nail olmaq əsas məsələdir. Ona görədir ki, Azərbaycan, sadəcə, öz regionunda deyil, qlobal kontekstdə geniş iqtisadi ölçüsü və potensialı olan ölkə kimi görünür. Ölkəmiz müxtəlif palitralara malik rəngarəng Cənubi Qafqaz regionunu və İslam dünyasını simvollaşdırır. İranla münasibətlərin normallaşması, səfirliyimizin fəaliyyətinin bərpa olunması bunun göstəricisidir. Həmçinin Azərbaycan Prezidentinin Avropa liderləri ilə görüşləri, ölkəmizin Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələri, intensiv səfərlər, Qoşulmama Hərəkatına uğurlu sədrlik xarici siyasətimizin uğurlarından xəbər verir.
Azərbaycan COP29-a ev sahibliyi etməklə ölkələrlə tərəfdaş və dost olmaq imkanı qazanır, eyni zamanda, əlavə fürsətlər təqdim edir. Dövlətimizin başçısının inauqurasiya mərasimində ailəmizin Türk dünyası olduğunu bəyan etməsi, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan öz kökündən uzaqlaşmır və bu cığırın sonu Qərbi Azərbaycanda görünür.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru