“Yeni Klinika”da təcili yardım MÜƏMMASI – Yazı köhnədirsə niyə dəyişdirilmir?

Bir neçə gün əvvəl “Yeni Klinika”nın təcili tibbi yardım xidmətindən istifadə etmək istəyən xəstəyə yardım göstərilməkdən imtina edilib.

AFN.az-a bu barədə xəstənin özü məlumat verib: “Dişimi implan etdirirəm. Əməliyyatdan iki gün sonra özümü istiyə vermişdim deyə dişimdən qan açıldı. Məsləhət əsasında mənə yaxın olduğu üçün “Yeni Klinika”nın təcili tibbi yardım xidmətinə getdim. Orda mənə heç həkim də yaxınlaşmadı, qapıda nəzarətçi dedi ki, bizdə belə xidmət yoxdur, get Kliniki Tibbi Mərkəzə. Ora da getdim, dedilər saat 6-dan sonra bizdə üz-cərrahiyyə şöbəsi işləmir. Getdim özəl xəstəxanada qankəsici iynə vurdurdum qan kəsdi. Qanaxmanı dayandırmaq üçün üz-çənə cərrahiyyəsi nəyə lazımdır, anlaya bilmədim. Mən diş ağrısı ilə, yaxud da dişdə iltihab problemi ilə yaxınlaşmamışdım bu xəstəxanalara. Qankəsici iynə ilə qanaxmanı dayandırmaq kifayət idi ki, bunu da özəl xəstəxanada etdilər”.
“Yeni Klinika”nın mətbuat xidmətindən AFN.az-ın əməkdaşına bildirilib ki, xəstəyə yardım göstərilməməsi protokola uyğundur. Üstəlik, “Yeni Klinika”da təcili tibbi yardım yoxdur: “Bizdə təcili tibbi yardım deyil, təcili tibbi xidmətdir. “Təcili Yardım” yazısı o vaxtdan qalıb. Təcili tibbi xidmət o deməkdir ki, əgər təcili tibbi yardım maşınının belə bizə xəstə gətirmək səlahiyyəti yoxdursa gətirmir. Sadəcə, yaxın ərazidə başına hadisə gəlmiş adamı gətirirlər ora, yaxud xəstəxanada növbədə duran adamın halı pisləşərsə, ona ilkin müdaxilə oluna bilər. Amma orda həkimə yaxınlaşıb mənə iynə vur demək olmaz. Bu, qaydalara, protokola uyğun deyil”.

Qeyd edək ki, klinikanın saytında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin fəaliyyət göstərdiyi bildirilir. “Hər cür təcili vəziyyətə müdaxilə edə biləcək tibbi heyət və təchizata sahib olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi 7 gün 24 saat boyunca xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir” – deyə müvafiq şöbə haqda məlumatda qeyd olunub: “Təcili Tibbi Yardım şöbəsində monitorizasiya olunmuş müayinə otaqları, gips qoyulması üçün şərait yaradılmış travma otağı, tam təchizatlı resusitasiya otağı və məhkum otağı vardır. Eyni zamanda kiçik cərrahi prosedurların icrası üçün 2 əməliyyat otağı yer almaqdadır. Həmçinin şöbədə resusitasiya otağına yaxın ambulans girişi də mövcuddur.

Şöbəyə müraciət edən ambulator xəstələr ilkin müayinə otağına alınaraq həkim tərəfindən triaj (xəstələrin təcililik sırasına görə müayinə otaqlarına alınması) aparılır. Müayinə otaqlarında ixtisaslı həkimlər tərəfindən xəstələrə ilkin müdaxilə, differensial diaqnostika və müalicə tətbiq olunur. Stasionar müalicəyə ehtiyacı olan xəstələr isə müvafiq müayinələr aparıldıqdan və nəticələr qiymətləndirildikdən sonra müvafiq tibb şöbəsinə yönləndirilir”.

Göründüyü kimi, burada halı pisləşən xəstənin hansı ərazidə olması, haradan gətirilməsi barədə heç bir qeyd və tələb yoxdur. Üstəlik, xəstəxanada müvafiq şöbənin adı məhz “Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi”dir. Əgər mətbuat xidmətindən qeyd edildiyi kimi, şöbənin adı və funksiyası dəyişibsə, bu barədə vətəndaşların əli çatan açıq mənbələrdə, o cümlədən şöbənin girişində qeyd olunmalıdır. Bu qeydlər olmadığı halda qapıda dayanan mühafizəçilərin gələn xəstələrə içəridə hansısa problemə görə yardım edilmədiyini deyib yola salması ortaya bir sıra suallar çıxarır. Üstəlik, “Yeni Klinika”nın təmirinə, yenilənməsinə, təchizatına büdcədən milyonlarla vəsait ayrıldığı halda, köhnə yazıların qalması da şübhələrə səbəb olur. Təəssüf ki, bütün bu qeyd edilənlərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qaldı.