İqbal Məmmədov deputat olmaq şansını itirir – “Relax” qalmaqalı onu mandatdan məhrum edir

Növbədənkənar parlament seçkiləri ilə kampaniyanın ən dinamik mərhələsi başlayır. YAP-ın namizədlər siyahısının açıqlamasından sonra bir çox partiya da hansı namizədlərlə seçkilərə gedəcəyini açıqlayacaq.

Yenicag.az-ın əldə etdiyi bir məlumata görə, 78 saylı Lerik seçki dairəsindən deputat olmuş İqbal Məmmədov bu dəfə keçiriləcək seçkilərdə deputat seçilməsi şansını itirəcək.

Qeyd edək ki, İ.Məmmədov bundan əvvəlki seçkilərdə SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin tələbə yoldaşı olduğu üçün Milli Məclisin deputatı seçilə bilmişdi. Ötən seçkilərdə İ.Məmmədov R.Abdullayevin “kvota”sında deputat mandatı qazanmışdı. Lakin sahibi olduğu “Relax” istirahət mərkəzində Dövlət Vergi Xidməti əməkdaşlarına hücum edilməsi, vergidən yayınma halları, özünün lerikli olmasına baxmayaraq, yerli əhali ilə qarşıdurmaları İ.Məmmədovun yenidən deputat olması şansını sıfıra endirir. Həmçinin ərəb turistlərin gəlməsindən sonra “Relax” istirahət mərkəzinin “ultra əyləncə məkanı”na çevrilməsi və bu məkanda “partilər”in təşkil olunması mühafizəkar rayon əhalisi arasında ciddi narazılıq yaradıb. Bu narazlıqdan doğan söz-söhbətin olması İ.Məmmədovun deputatlıq arzusunun üzərindən xətt çəkir, eləcə də əhali onun yenidən deputat seçilməsini istəmir.