“Azərbaycan Dəmir Yolları” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən QSC-nin fəaliyyətində qanun pozuntularının aşkar edilməsi ilə bağlı qərardan yayınmaq, eləcə də ictimai rəyi manipulyuasiya etmək məqsədilə “yeni üsula” əl atıb.
Antiinhisar Xidmətinin QSC-nin fəaliyyətində antiinhisar qanunvericiliyinin pozulması və qanunsuz əldə edilmiş mənfəətin dövlət büdcəsinə qaytarılması barədə müvafiq qərarı demokrat.az saytında dərc olunub.
11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı — Dövlət büdcəsinə ödəməlidir” sərlövhəli məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detalları öz əksini tapır. Belə ki, “Hamısıiance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.
Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.
Qərarda deyilir: “Azərbaycan Dəmir Yolları” QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir”. Sözügedən məqalə ilə ətraflı şəkildə buradan tanış ola bilərsiniz…
“Azərbaycan Dəmir Yolları” QSC isə bu qərardan yayınmaq, qanunsuz şəkildə əldə etdikləri mənfəəti dövlət büdcəsindən qaytarmamaq üçün ictimaiyyəti aldadır.
QSC saytımızda yayımlanan məqaləyə reaksiya olaraq, rəsmi şəkildə təkzib açıqlaması yaydı. “Media haqqında” qanunun tələbinə uyğun olaraq, sözügedən açıqlamanı da qarşı tərəfin mövqeyi kimi saytımızda dərc etmişik. Hərçənd ki, QSC-nin rəsmi açıqlamasına nəzər yetirdikdə ziddiyyətli məqamlar ortaya çıxır.
Rəsmi açıqlamada məhkəmə qərarına istinad edilir və belə görünür ki, QSC Antiinhisar xidmətinin məlum qərarı ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə bu qərarın ləğv edilməsi hökmünü çıxarıb. Lakin bu açıqlama Antiinhisar xidmətin QSC ilə bağlı qərarına dair yayımlanan məqalədən cəmi bir gün sonra – iyulun 12-də yayımlanıb.
Sual yaranır: QSC-nin bir gün ərzində məhkəməyə müraciət etməsi və qərar çıxması mümkündürmü?
Təbii ki, xeyr.
O zaman “Azərbaycan Dəmir Yolları” QSC hansı “məhkəmə qərarına” istinad edir?
Rəsmi açıqlamaya diqqətlə baxdıqda bu sualın cavabını tapmaq olar.
QSC-nin rəsmi açıqlamasında bəhs olunan məhkəmə qərarı 2022-ci ilə aiddir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ildə QSC ilə bağlı qərar qəbul edib, onlar da bundan məhkəməyə şikayət verib və məhkəmə bununla bağlı qərar çıxarıb. Həmin işdə də sahibkarlıq subyektləri QSC-nin “Antiinhisar fəaliyyət haqqında” qanuna zidd fəaliyyətindən şikayət edirlər. Məhkəmə bu işdə müəyyən qədər QSC-nin xeyrinə qərar çıxarıb.
Həmin məhkəmə qərarı ilə buradan tanış ola bilərsiniz…
Nə “Hamısıiance Logistics” MMC və “Caspian Rail” MMC-nin şikayəti əsasında ortaya çıxan bu işin isə 2022-ci ildə baş vermiş işlə birbaşa əlaqəsi var, nə də bununla bağlı məhkəmə qərarının.
Sadəcə olaraq, “Azərbaycan Dəmir Yolları” QSC 2022-ci ildə baş vermiş proseslə bağlı məhkəmə qərarını bu məsələyə calamaqla “sudan quru çıxmaq” istəyir və bu, yumşaq desək, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
“Azərbaycan Dəmir Yolları” QSC-nin “ağ yalanı” açıq ortadadır. Görünür ki, “Azərbaycan Dəmir Yolları” QSC qanunsuz şəkildə əldə olunan mənfəəti dövlət büdcəsinə ödəməmək üçün hər yola əl atır. Yaxşı olardı ki, “Azərbaycan Dəmir Yolları” QSC-də əyləşənlər cəmiyyəti aldatmaq üçün bu qədər baş sındırmaq yerinə, qanunsuz yolla əldə edilən mənfəəti dövlət büdcəsinə geri ödəsinlər və bu biabırçılıqla bağlı obyektiv, doğru açıqlama versinlər. Atalarımızın gözəl bir sözü var: “Yalan ayaq tutar, yeriməz”.
Demokrat.Az