Tarixi köklərə əsaslanan Azərbaycan-Pakistan münasibətləri

Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki ölkənin strateji mövqeyi və regional təsiri, onların qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Pakistanın dəstəyi və bugünkü əməkdaşlıq platformaları bu əlaqələrin nə qədər dərin və möhkəm olduğunu göstərir. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə heç bir şübhə yoxdur.
33 il əvvəl, 13 dekabr 1991-ci ildə Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı və beləliklə, Türkiyə və Rumıniyadan sonra bu addımı atan üçüncü ölkə oldu. Sonrakı üç onillik ərzində Pakistan və Azərbaycan arasında sıx əlaqələr quruldu və inkişaf etdi, bu da möhkəm strateji tərəfdaşlıq və ittifaq əsasında baş verdi.
Son illərdə Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artması, ölkəmizin müxtəlif dövlətlərlə olan münasibətlərinə də müsbət təsir göstərb. Bu, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif səviyyələrdə keçirilən beynəlxalq tədbirlərə dəvət olunması və bir sıra tədbirlərdə fəxri qonaq kimi iştirak etməsi, ölkəmizin artan rolunun və nüfuzunun açıq göstəricisidir.
Azərbaycanın Avropa və Asiyanın müxtəlif bölgələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri, ölkəmizi qitələrarası qovşağa çevirir. Bu dövlətlərdən biri də qardaş Pakistan olub, Azərbaycanla Pakistan arasında möhkəm dostluq və qardaşlıq əsasında qurulmuş strateji tərəfdaşlıq əlaqələri mövcuddur.
Prezident İlham Əliyev Pakistan ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və ölkənin ali siyasi rəhbərliyi ilə yüksək səviyyəli münasibətləri qarşılıqlı etimad əsasında dəstəkləyir. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Azərbaycan və Pakistan, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edərək bir-birini dəstəkləyir. Bu təşkilatlara BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiya Parlament Assambleyası və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı daxildir.
Son illərdə iki ölkə liderləri arasında əlaqələr daha da intensivləşib. Onlar beynəlxalq tədbirlərdə, xüsusilə Azərbaycan tərəfindən keçirilən və ya iştirak edilən tədbirlərdə müntəzəm olaraq görüşürlər. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının son iki sammitində bir araya gəliblər. 2023-cü ilin iyul ayında Pakistanın Baş naziri Azərbaycana səfər edib.
Prezident İlham Əliyevin 11-12 iyul tarixində dövlət səfəri Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Səfər zamanı Prezident İlham Əliyev, Pakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşləri keçirilib, müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 10-dan çox sənədin imzalanıb.
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın perspektivləri çox genişdir. Hər iki ölkə sənaye, kənd təsərrüfatı, tikinti və ticarət sahələrində qarşılıqlı maraqları nəzərə alaraq, yeni layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Pakistan şirkətlərinin azad edilmiş ərazilərdə bərpa işlərində iştirakı bu əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Nəqliyyat sahəsində həyata keçirilən layihələr isə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və regionun iqtisadi inkişafında önəmli amildir.
Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, ikitərəfli iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan verir. Bu əlaqələrin inkişafı, hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, regionun iqtisadi stabilliyinə və inkişafına da müsbət təsir göstərəcək.
Azərbaycan Prezidenti İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə iyulun 11-də keçirilən mətbuata bəyanatında bildirib ki, “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında deyib ki, “Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.
Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Azərbaycan və Pakistan humanitar sahədə əməkdaşlığa böyük əhəmiyyət verirlər. Ölkəmiz Pakistandakı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün indiyədək 9 milyon ABŞ dollarından çox yardım göstərib. Bu əməkdaşlıqda xüsusi rolu Heydər Əliyev Fondu oynayır. Fond, Pakistanda bir çox sosial yönümlü humanitar layihələr həyata keçirmişdir. Məsələn, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi müayinələr və əməliyyatlar keçirilib, tibbi müəssisələrin və su təchizatı sistemlərinin tikintisinə töhfə verilmiş, xeyriyyə aksiyaları təşkil olunmuş və əlillər üçün əlil arabaları təmin olunub.
Azərbaycan və Pakistan arasında elmi və ali təhsil müəssisələri arasında da uğurlu əməkdaşlıq həyata keçirilir. Bakı Dövlət Universiteti ilə Penjab Universiteti, ADA Universiteti ilə Pənjab, İqra, Siyalkot Universitetləri, Pakistan Milli Elm və Texnologiya Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Lahor Dövlət Kolleci, Azərbaycan İlahiyyat İnstitutu və Pakistan Müsəlman İnstitutu arasında əlaqələr qurulub.   2023-2024-cü tədris ilində Azərbaycanda 543 Pakistan vətəndaşı ali təhsil alıb.
Azərbaycan və Pakistan arasındakı əlaqələrin gələcək perspektivləri olduqca ümidvericidir. Hər iki ölkə qarşılıqlı əlaqələrini daha da dərinləşdirmək üçün çalışır. Geosiyasi, iqtisadi və hərbi sahələrdə mövcud əməkdaşlıq platformaları əlaqələrin daha da inkişafına şərait yaradır.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru