Azərbaycanın xarici siyasətində Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biridir. 6 iyul tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, görüşün yekununa dair Bəyannamənin imzalanması türk dünyasının ürəyinin Qarabağla döyündüyünü nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.
TDT-nin ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Bunu Şuşada çıxışında qonaqların nəzərinə çatdıran dövlətimizin başçısı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu xüsusi olaraq vurğuladı.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin ölkəmizdə “Şuşa İli”, həmçinin TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin, türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.
Dövlət başçısı çıxışında Türk Dövlətlər Təşkilatının cari büdcəsinin nəzərdə tutulan hədəfləri reallaşdırmaq üçün yetərsizliyi qeyd etmiş, bu günlərdə Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü söyləmişdir.
İlham Əliyevin çıxışında vurğuladığı digər önəmli məsələ isə Şərq – Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin qarşımızda duran başlıca prioritetlərdən biri olmasıyla bağlıdır. Belə ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tonadək çatdırılmışdır. Digər tərəfdən Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Belə ki, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilməkdədir. Gələn ildən ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəkdir.
Toplantıda diqqət çəkən bir məqamı da qeyd etmək istərdik. Belə ki, cari ildə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.”
Zirvə görüşündə digər türkdilli ölkələrin dövlət başçılarının çıxışında da bu çağırış əsas yer tutdu ki, türk dünyasının birliyi tarixi köklər üzərində daim yenilənməli, zaman-zaman daha da möhkəmlənməlidir. Bu birlik təkcə türk xalqlarının rifahına deyil, həm də dünyada sülhə, sabitliyə, dayanıqlı inkişafa mühüm töhfə olmalıdır.
TDT-nin Şuşa Zirvə görüşünün ən önəmli yekunu isə iştirakçıların imzaladığı Qarabağ Bəyannaməsidir. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktor əvəzi