Cəlilabad sakininin səsləndirdiyi iddialarla bağlı-AÇIQLAMA

Vətəndaş Hüseyin Məmmədovun internet televiziyalarından biri vasitəsilə istintaq orqanı tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı bildiririk ki, həmin iddiaların heç bir əsası yoxdur. Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Qeyd olunub ki, Cəlilabad rayon sakini Hüseyn Səfərov polisə müraciət edərək 06.04.2024-cü il tarixində rayonun Zərbiəlli kəndi ərazisində Hüseyin Məmmədov və onun 2 oğlu – Azər və Əkbər tərəfindən döyülərək xəsarət aldığını bildirib. Müraciət əsasında araşdırma başlanılıb, müvafiq tibbi ekspertiza təyin edilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Videomüraciət müəllifi H. Məmmədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir. 

Qeyd edək ki, H.Məmmədov və H.Səfərov arasında bir neçə ildir ki, torpaq mübahisəsi var və onların qarşılıqlı şəkildə etdikləri müraciətlər əsasında Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb. Cinayət tərkibinin olmaması qənaətinə gəlindiyi üçün toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib. Tərəflərə mülki qaydada məhkəməyə müraciət etmələri barədə şifahi və yazılı məlumatlar verilsə də, onlar mülki qaydada məhkəməyə müraciət etməyiblər.