23 iyul tarixində ölkəmizdə baş tutacaq “iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutub

Konfransda 23 iyul tarixində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları
cavablandırılıb
40-a yaxın media qurumunun iştirak etdiyi mətbuat konfransında açılış nitqini Kiçik və Orta Biznes
Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media komitəsinin sədri Dilşad
Musa edib. Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının
Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərovaya söz verilib. O öz çıxışında layihə haqqında
ətraflı məlumat verib və bildirib ki, festival KOBSKA-nın təşkilatçılığı, Kapital Bankın baş
sponsorluğu ilə keçiriləcək. Nigar xanım layihə çərçivəsində görüləcək işlərdən ətraflı bəhs edib,
layihənin əsas məqsədinin texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək
olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirmək olduğu
bildirib. O qeyd edib ki, festival müddətində müxtəlif tədbirlər; startap təqdimatları (Pitching),
investor görüşləri, “Startap Forumu”nun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi,
həmçinin texnoloji şou və konsert proqramları keçiriləcəkdir. Festivalda texnologiya sahəsində
fəaliyyət göstərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar iştirakçı olaraq öz
stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk
investorları da festivalda öz yerini alacaq. Foruma Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən
investorların və iştirakçılar cəlb olunacaqdır.
Verilən məlumata əsasən ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq,
bu il iFest COP29-a həsr olunacaq, “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı ilə həyata
keçiriləcəkdir.
Mətbuat konfransının sonunda çıxışçılar media nümayəndələrini festivalın işqlandırılmasında fəal
olmağa və birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.
Xatırladaq ki, “iFest” İnnovasiya və Texnologiya Festivalı 23 iyul saat 09:00 tarixində Baku
Marriott Boulevard Hotel-də keçiriləcək.