TARİXİ VƏ HÜQUQİ ƏDALƏTİN BƏRPASI NAMİNƏ AZƏRBAYCAN ZİYALILARINA ÇAĞIRIŞ

Məqalənin əsas fabulasını dəqiqləşdirmədən öncə, bir çox tarixçi və hüquqşünasların fikrincə, qəribə hesab edilən, Rusiya İmperatoru I Nikolayın 1836-cı ildə verdiyi və “Əlahəzrət İmperatorunun İqtidar Senata “Rusiyada Erməni Qriqorian kilsəsinin işlərinin idarə edilməsi haqqında” Əsasnamənin təsdiq edilməsinə dair 11 mart 1836-cı il tarixli Fərmanı” adını alan  bir sənədə müraciət etmək istərdim.
Bu sənədin məzmununun təhlili, yalnız kağız üzərində mövcud olan kilsə naminə, digər məbədi dağıtmağın nə dərəcədə məntiqli və qanuni olmasına dair qəribə bir təzad hissi doğurdu?! Söhbət, Alban Avtokefal Kilsəsinin bütün əmlakı ilə birgə Erməni Qriqorian Kilsəsinin tabeliyinə verilməsindən gedir.
Təəccüb doğuran isə istənilən kilsənin, hətta Şərqi kilsənin belə ləğvi, yalnız həmin kilsənin özü tərəfindən həyata keçirilə bilər. Bu məqalədə, Apostol qanunlarının fundamental prinsiplərindən xəbərdar olan I Nikolayın, Erməni Qriqorianlığının çox şübhəli konfessionallığına arxalanaraq, Alban Apostol Avtokefal Kilsəsinin qədim irsini mənimsəməsinə şərait yaratması ətraflı müzakirə olunacaq.
Ermənistan kimi bədgüman qonşunun hərbi ekspansiyasına məruz qaldığı Azərbaycan ərazisinin otuz ilə yaxın davam edən işğal prosesi 2020-ci ilin sentyabr-noyabr aylarında özünün ən kulminasiya mərhələsində – “Dəmir yumruq” adlı hərbi əməliyyatla başa çatdı. 19-20 sentyabr 2023-cü il də isə antiterror əməliyyatında Azərbaycan, bütün ərazisi üzərində suverenliyini bərpa etdi.
Bu müddət ərzində diplomatik və siyasi xarakterli bütün tədbirlər tükənmiş, bu münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti tam iflasa uğramış, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı öz qətnamələri üzərində nəzarəti həyata keçirmək üçün məqbul potensiala malik olmadığına dair acizliyi və səriştəsizliyi ifşa edilmişdir.
Bununla belə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası ilə bağlı mürəkkəb prosesin digər – uzunmüddətli münaqişə ərzində düşmənlə qarşıdurmanı və Azərbaycana qarşı düşmənçilik orbitində iştirak edən Fransa, ABŞ və digər dövlətlərin himayəsi altında Ermənistanın, mürtəce dairələri tərəfindən aparılan bu münaqişənin zamanla soyuq müharibəyə çevrilməsini əks etdirən – informasiya-ideoloji müstəvisinə də toxunmaq məqsədəuyğun olardı.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşündə, Macarıstan Milli Məclisinin sədr müavini Marta Matraya müraciət edərkən, bildirib. “Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsus ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir…” deyən dövlət başçımız, dost ölkələrin parlamentarilərinin diqqətini çəkmişdir.
Əslində Ermənistanın Qərbin iyrənc qüvvələri ilə ittifaqda olan “Soyuq Müharibə” konsepsiyası heç bir yenilik nümayiş etdirmirdi. Bu konsepsiya, opponentinin mənəvi simasını, etnik mənşəyini, dini mənsubiyyətini, tarixini və mədəniyyətini gözdən salmaq cəhdinə əsaslanır.
Onlar, artıq pasla örtülmüş, cırıldayan, köhnə və işə yaramaz olduğundan daimi nasazlıqlar üzə çıxan, demək olar ki, rüşeym xristianlığına aid olan “qədimlik”, “əsilsizlik” ideoloji mexanizmindən bu gün də istifadə edirlər.
Azərbaycanlıların bu torpaqlara yüz illik bir dövr ərzində köç etdiyinə və Azərbaycan dövlətçiliyinin o vaxt iqtidarda olan Rusiyanın bolşevik rəhbərliyi ilə Türkiyənin Kamalpərəst hökumətinin təşəbbüsü olduğuna dair yorucu postulatlar, tənqid qarşısında tab gətirməyərək, sadəcə mağara zəkasına və düşüncəsinə malik insanlar üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, uzun onilliklər ərzində erməni psevdo-alimləri və qərb populistləri, açıq şəkildə yüksək keyfiyyətdən uzaq saxtalaşdırma texnologiyalarından istifadə edərək,  xüsusilə, Qafqaz Albaniyasının Azərbaycan dövlətçiliyinin sələfi olması, eləcə də Alban Apostol Avtokefal Kilsəsinin erməni kilsəsindən daha erkən yaranması, faktını göz ardı edərək, Azərbaycan xalqının tarixinin qədim dövrünü inkar etmək üçün nəticəsiz cəhdlər göstərmişlər.
Azərbaycanın bir sıra görkəmli albanşünas alimlərinin və onların başqa ölkələrdən olan həmkarlarının tədqiqatlarında təsdiqlənmiş elmi arqumentlərlə sübut olunur ki, Azərbaycanda xristianlığın tarixi eramızın I əsrinə təsadüf edir.  O zamankı Qafqaz Albaniyası ərazisində xristianlığın təbliği Müqəddəs Apostol Varfolomey, onun tələbəsi Müqəddəs Tadeus və onların indiki Şəki rayonu ərazisində yerləşən Kiş kəndində Qafqazda ilk xristian kilsəsini inşa etmiş ümumi tələbələrinin missiyası ilə başlamışdır. Bu barədə VII əsrin alban tarixçisi Musa Kalankatlı da yazmışdır.
313-cü ildə Alban kralı Urnair Roma İmperiyası ilə birlikdə xristianlığı dövlət dini kimi qəbul etmişdir. IV əsrdən başlayaraq, ehtimal ki, 340-cı ilə qədər Albaniya kifayət qədər sayda yepiskop kafedralı öz monastır institutu, ibadəti və ehkamı olan avtokefal (müstəqil) kilsəsini əldə etmişdir. Alban kilsəsinin statusu 451-ci il (Xalsedon) IV Ekumenik Şurasından sonra qanuniləşdirilmişdir.
Eyni zamanda, erməni kilsəsi həm 591-ci ildə Bizans kilsəsindən, həm də III Dvina Şurasının qərarı ilə 607-ci ildə Roma Katolik Kilsəsindən ideoloji yayınmalarına görə uzaqlaşdırılmışdı.
Alban kilsəsinin güclənməsi, erməni kilsəsinin təcrid olunmuş mövqeyinə zidd olaraq, sonuncular tərəfindən onu rəqabətli patriarxiya ilə müharibə yoluna çəkən bir çağırış kimi qəbul edilməsi tamamilə təbii idi. Amma açıq danışmaq və başqa kilsələrə qarşı dözümlülük göstərərək müttəfiqlər qazanmaq erməni ruhanilərinin qaydalarına daxil deyildi.
Qafqazda Ərəb xilafətinin tətikləyicisi olduğu növbəti hərbi-siyasi ekspansiya, ona böhtan manevri ilə Alban kilsəsi, kimi rəqibi sıradan çıxarmaq imkanı verdi. Beləliklə, Alban Apostol Avtokefal Kilsəsi ermənilərin əli ilə Ərəb xilafəti tərəfindən onların kilsəsinə tabe edildi və demək olar ki, dağıdıldı.
Ümumiyyətlə, erməni kilsəsinin bu hərəkətləri albanların etnosidinin başlanğıcı oldu. Nəticədə, Alban kilsəsi öz müstəqilliyini itirmək və yenidən erməni katolikosluğuna tabe olmaq ilə üzləşdi.
Buna baxmayaraq, alban və erməni kilsələri arasında ierarxik mübarizə davam edirdi. XI, XIII, XV əsrlərdə erməni kilsəsinin zəifləməsi dövrlərində vahid erməni patriarxal mərkəzinin əskikliyi fonunda, Alban patriarxları Eçmiədzindən xəbərsiz Alban yepiskopları tərəfindən təyin edilirdi.
VI əsrdən XIII əsrə qədər Alban Patriarxal Kilsəsinin mərkəzi faktiki olaraq yenidən dirçəldi və Alban dövlətinin keçmiş paytaxtı Bərdə (və ondan əvvəl Çol, Qəbələ) şəhərində yerləşirdi. XIII əsrdən etibarən mərkəz Qarabağa köçürülür, 1836-cı ilə qədər Alban-Udinlərə xidmət edən patriarxal kilsə Qandzasar tikilir.
Məhz bu məqamda, oxucunun diqqətini, bu məqalənin alfa və omeqasına – preambulasında müzakirə edilən və ermənilərin Qafqaz regionu daxilində kütləvi köçürülməsinin başlanması ilə əlaqədar erməni kilsəsinin mövqeyinin, hüquq və vəzifələrinin tənzimlənməsini nəzərdə tutan, Rusiya İmperatoru I Nikolayın 1836-cı ildə verdiyi və 11 mart 1836-cı il tarixli “Rusiyada Erməni Qriqorian kilsəsinin işlərinin idarə edilməsi haqqında” Əsasnaməyə yönəltmək istərdik.
Bu sənədin təhlili erməni kilsəsinin ləğv edilmiş Alban Apostol Avtokefal Kilsəsinin əmlakını, kitabxanasını və tərəfdaşlarını mənimsəməsi faktını sübut edir. Bu isə öz növbəsində alban mədəni, tarixi, mənəvi və maddi irsinin, eləcə də alban əhalisinin tamamilə erməniləşdirilməsinə səbəb olmuşdur.
Bu fərmanın dərcindən əvvəlki dövrdə Rusiya imperiyasında baş verən ictimai-siyasi prosesləri diqqətlə təhlil etdiyimiz zaman, Qacarlar sülaləsinin hakimiyyəti altında olan İrandan ermənilərin kütləvi şəkildə köçürülməsinin, Rusiya imperiyasının erməni lobbisinin əvvəlcədən hazırlanmış “ssenarisi” üzrə həyata keçirildiyini meydana çıxarır.
O dövr üçün yeni olan “erməni məsələsi” konsepsiyasının həyata keçirilməsi alqoritmlərinə uyğun olaraq, erməni kilsəsi Azərbaycan xalqının öz əzəli torpaqlarında olmasının sübutu kimi, təkcə Alban kilsəsini yerlə bir etməli deyil, həmçinin dünyanı dolaşan ermənilərin məskunlaşdığı Azərbaycan torpaqlarının, ilhaqı üçün münbit ideoloji zəmin yaratmaq missiyasını da daşımalı idi.
Bu mənada 1907-ci ildə Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin Müqəddəs Sinodda təqdim etdiyi şəhadətnamənin məzmunu çox xarakterikdir. Belə ki, o, bir sıra güzəştlərə yol açan erməni miflərinə Rusiyanın müsbət münasibətini vurğulayaraq, onların “…erməni katolikosunun öz tərəfdaşları üçün 1836-cı il qanunu ilə tənzimlənən, müstəsna mövqe yaradılması istiqamətində gələcək cəhdləri üçün təməl rolunu oynadığını” bildirmişdi.
Yuxarıdakılar, Alban Apostol Kilsəsi “erməni motivləri”nə dəstək olaraq, Erməni Qriqorian Kilsəsinin idarəçiliyinə verildiyini aydın şəkildə göstərir. Erməni Qriqorian kilsəsi bu fərmanı özünə uyğun şəkildə manipulyasiya edərək, XIX əsr boyu Azərbaycan tarixinin qədimliyini nümayiş etdirən, alban irsini məqsədyönlü şəkildə dağıtmış və talan etmiş,  sonrakı mərhələlərdə Azərbaycana qarşı fantasmaqorik ərazi iddiaları üçün münbit zəmin yaratmışdır.
Azərbaycanda Alban Apostol Avtokefal Kilsəsinin yaranma, fəaliyyət və sıxışdırılması tarixinə retrospektiv nəzər saldıqda istər-istəməz belə bir sual ortaya çıxır: onun bütün Qafqaz ərazisində formalaşmış ən qədim inanclardan biri kimi fəaliyyətinin tam və mütləq bərpası mümkündürmü?
Axı, Azərbaycan tarixinin bütün sovet dövrü ərzində, müxtəlif ranqlı erməni saxtakarları tərəfindən alban mədəni irsinin davam edən talanı, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı zamanı, alban memarlıq abidələrinin, kilsələrinin, monastırların və məbədlərinin erməniləşdirilməsi prosesi pik həddini yaşamışdır.
Dağlıq Qarabağda 120-dən çox alban kilsəsi erməniləşdirilməyə məruz qalmışdır. Hazırda erməni işğalından azad edilmiş ərazilər, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərdəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi işğalçılar tərəfindən Erməni Qriqorian kilsələrinə çevrilmişdi.
Ermənistanın işğalçı qüvvələrinin vandalizminə misal olaraq, Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini göstərmək olar. Bu mədəniyyət abidəsi memarlıq və tarixi deformasiyanın qurbanına çevrilib.
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra davam edən Soyuq Müharibədə Azərbaycan xalqının qədim tarixi simasını şəxsiyyətsizləşdirmək cəhdlərini davam etdirmək naminə, Fransa və ABŞ-ın fəal dəstəyindən ruhlanan Ermənistan, Albaniya dövrünə aid qədim tariximizdən Alban kilsəsi kimi mühüm dayaq nöqtəsini çıxarmağa çalışmışdır.
Azərbaycanın Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində görkəmli dünya miqyaslı dövlət xadimi Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə memarlıq, mədəniyyət abidələri, bütün nəqliyyat və digər infrastrukturunun bərpası həyata keçirildiyi halda, Alban Apostol Avtokefal Kilsəsinin tam bərpası və 1836-cı ildə I Nikolay tərəfindən müsadirə edilmiş əmlakının qaytarılması məsələsi davamlı siyasi və beynəlxalq hüquqi əhəmiyyət kəsb edir.
Bəşəriyyətin mədəni irsinə qarşı törədilən cinayətlərin müddəti yoxdur. 1954-cü il Haaqa Konvensiyasına müvafiq olaraq,  26 may 1999-cu il tarixində qəbul edilmiş, Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında İkinci protokolun birinci maddəsinin (e) bəndinə əsasən, subyektin “Konvensiyanın müddəalarına uyğun olaraq qorunan mədəni sərvətlərə qarşı yönəlmiş oğurluq, soyğunçuluq və ya vandalizm aktları” ağır cinayət hesab olunur.
Cinayətin bu təsnifatı, Ermənistanın işğalçı qüvvələrinin Qarabağ ərazisində Qafqaz Albaniyasının mədəni irsini məhv etmək, Alban kilsəsinin bütün əmlakını mənimsəmək və ona qarşı vandalizm törətmək istiqamətində həyata keçirdikləri fəaliyyətə tam uyğundur. Yeri gəlmişkən, ermənilər Dağlıq Qarabağın Xocavənd rayonunda Rus Pravoslav Kilsəsinə məxsus yeganə dini quruma – Terek kazakları tərəfindən hələ 1894-cü ildə Kuropatkino kəndində inşa edilmiş kilsəyə qarşı da vandalizm aktı törədiblər. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı zamanı bu məbəd dağıdılıb və yalnız bir vaxtlar əzəmətli olan binanın skeleti kimi qorunub saxlanılıb.
Bundan irəli gələrək məqalə, Azərbaycan Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, digər universitetlərdə, strateji araşdırma mərkəzlərində elmi-tədqiqat fəaliyyətini həyata keçirən, Azərbaycan tarixçilərinin, hüquqşünaslarının, politoloqlarının diqqətini bu, məsələnin ciddi şəkildə hərtərəfli öyrənilməsinin zəruriliyinə cəlb etmək məqsədi daşıyır.
Bu tədqiqatın nəticələri, Rusiya imperatoru I Nikolayın Alban Apostol Avtokefal Kilsəsinin qanunsuz ləğvi, onun əmlakının erməni kilsəsinə verilməsi haqqında etibarlı materiallara dayanaraq, törədilən hərəkətlərdə cinayət tərkibinin olmasını və ona daxil edilmiş əşyaların, maliyyə vəsaitlərinin siyahıya uyğun olaraq, Alban kilsəsinin əmlakına qaytarılması istiqamətində məhkəməyə müraciət etmək üçün tərtib edilmiş hüquqi sənədin əsasını təşkil etməlidir.
Azərbaycanın qədim tarixini bir daha işıqlandırmaq və soyuq müharibə tərəfdarlarının xalqımıza və dövlətimizə qarşı hücumlarından qorumaq, eləcə də tarixi, hüquqi və dini həqiqətlərin bərpası naminə bu önəmli və geniş şaxəli iş həyata keçirilməlidir.

Adəm İsmayil Bakuvi ( politolog , ictimai xadim)