Ordumuz hər zaman müzəffər, uğurlarımız davamlı olsun!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində möhtəşəm Qarabağ Zəfəri dayanır.
Azərbaycanın milli maraqlarına hesablanmış düzgün siyasət, dünyada və regionda gedən geopolitik proseslərin çox ustalıqla nəzərə alınması və digər məqamlar tarixi qələbəmizi şərtləndirən amillərdir.Təbii ki, hər bir ölkənin hərbi sahəsinin güclənməsi, peşəkar ordunun yaradılması iqtisadi inkişafla bağlı olur. Bu baxımdan Azərbaycanda neft-qaz sahəsində sürətli inkişaf, böyük maliyyə gəlirləri ordu quruculuğu, hərbi sənayenin qurulması və inkişaf etdirilməsini sürətləndirdi. Qeyri sabit bölgə olan Cənubi Qafqazda sabitlik yaratmaq, davamlı təhlükəsizliyi qoruyub saxlamaq üçün peşəkar ordunun yaradılması zəruri idi. Azərbaycan bu missiyanı çox uğurla yerinə yetirdi. Modern ordu quruculuğu, qardaş Türkiyə ilə bigə hərbi təlimlərin davamlı həyata keçirilməsi, ən yeni silahların alınıb ölkəmizə gətirilməsi, bütün hərbi hissələrdə təchizat sisteminin lazımı şəkildə təmin edilməsi hədəflər sırasında olub. Qənaətimizcə, bu hədəflərə çata bildik. Bu gün qürur hissilə deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə regionda ən qüdrətli Ordulardan biridir.

Ordumuz müasir hərb tarixində çox mühüm yeniliklərə imza atıb. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. İşğaldan azad olunan ərazilərimizi gəzərkən həmin möhtəşəm hərbi əməliyyatlarda iştirak edib şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı, əsgərlərimizin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir.

Onu da qeyd edim ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində son səfərimiz zamanı Qubadlıda N saylı hərbi hissədə əsgərlərimizlə görüşlərimiz bizi qururlandırdı. Nizam-intizam, yüksək əhval-ruhiyyə, normal təminat hərbçilərimizin həyat tərzinə çevrilib. Uğurlarımız davamlı, Ordumuz hər zaman müzəffər olsun!
Əkrəm Bəydəmirli