Türkiyə xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək, “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək ediblər.
“Konsert salonuna ilk hücumdan sonra terror qruplaşması ikinci hücumu planlaşdırıb. Onlar insanların dolu olduğu ticarət mərkəzinə hücum etməyi düşünürmüşlər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq, bu ikinci böyük hücumun qarşısını alıb”, – deyə yazıda bildirilib.
Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan “Vilayət Xorasan” qruplaşmasının silahlıları tərəfindən hazırlanıb.
“Hürriyet” qeyd edir ki, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbulda Müqəddəs Məryəm katolik kilsəsinə hücumda əli olan “Vilayət Xorasan” təşkilatının yerli bölməsinin fəaliyyətini uzun müddət izləyiblər. Kəşfiyyat xidmətləri bir neçə şəxsin izinə düşüb, onları dindirib, bundan sonra Rusiya tərəfi ilə əlaqə yaradılıb.
Nəşr xatırladır ki, ticarət mərkəzinə hücum edənlərdən ikisi terror aktından bir qədər əvvəl Türkiyəyə səfər edib və bu barədə də Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilib. (Hürriyet)