Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyi Vaşinqtonun Qəzza zolağında atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib.
Bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlayıb.
“Dünən HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk Türkiyədən mənə zəng edib və o, ABŞ prezidenti Co Baydenin təkliflərinə əsaslanan bu qətnamənin, bu Amerika layihəsinin onlara uyğun olduğunu söylədi”, – nazir müavini deyib.
HƏMAS üçün belə həssas məqamlar arasında Boqdanov İsrailin Qəzza zolağından çıxarılması, tam atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələsini qeyd edib.
Bununla yanaşı, Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə təsdiqləyib ki, Vaşinqton administrasiyası HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı təkliflərə reaksiyasını alıb və qiymətləndirir.
“Cavabımızın olması, əlbəttə ki, yararlıdır. Buna heç bir şübhə yoxdur. Biz cavabı səbirsizliklə gözləyirdik”.
Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası (TŞ) İsrail və HƏMAS arasında atəşkəsə dair yeni təklifi dəstəkləməyə çağırış edən ABŞ-nin qətnamə layihəsini qəbul edib. Sözügedən razılaşmanın təfərrüatlarını mayın sonunda ABŞ Prezidenti Cozef Bayden üzə çıxarıb.