İran prezidenti olmaq istəyən azərbaycanlı NAMİZƏD

 İran Konstitusiyasının Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani – Tehran meri;
Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf – parlamentin sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavini.

Modern.az saytı ötən gün ən şanslı namizəd hesab edilən Səid Cəlili haqqında yazını təqdim etmişdi.

Bu dəfə Məsud Pezeşkianın kim olduğunu diqqətə çatdırırıq.

Məsud Pezeşkian İranda keçiriləcək prezident seçkilərində sürpriz namizəd sayılır. Digər 5 namizəd daha çox mühafizəkarlara yaxın şəxslər olduğu halda, Məsud Pezeşkian slahatçı cinaha mənsubluğu ilə diqqət çəkir. Bu səbəbdən də bəzi ekspertlər onun gözardı edilməsilə razılaşmırlar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da ona qeyri millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirir.

Məsud Pezeşkian prezident seçkilərində ilk dəfədir ki, namizəd olaraq iştirak edəcək.

Keçmiş səhiyyə naziri, parlament sədrinin müavini vəzifəsində çalışmış Məsud Pezeşkian hazırda təcrübəli deputat kimi tanınmaqdadır.

O, 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.

Məsud Pezeşkian əvvəlcə Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb.

1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olub.

1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirərək, Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib.

1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisasa yiyələnib.
Sonra Təbrizin Ürək Xəstəxanasında işə başlayıb, ardınca həmin xəstəxananın rəisi olub.

M.Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində də çalışıb və hazırda bu nüfuzlu elm ocağının akademik heyətində işləyir.

Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Təcrübəli millət vəkili olan Pezeşkiyan 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərə (parlament) seçilib. Pezeşkiyan İran parlamentində təbrizliləri təmsil edib.

O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulayaraq, planlarını açıqlayıb.

Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib. Prezident seçiləcəyi təqdirdə keçmiş xarici işlər naziri Cavad Zərifi yenidən ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyinə gətirəcəyini bəyan edib.

M.Pezeşkian ölkədəki bütün siyasi qruplar arasında birlik və ardıcıllığın vacibliyini vurğulayaraq, siyasi əlaqələrdən daha çox səriştə, bacarıq və təcrübənin vacibliyini qeyd edib.

Musud Pezeşkian həmçinin mərhum prezident İbrahim Rəisi və ətrafının helikopter qəzasında şəhid olması ilə bağlı başsağlığı verib, İslam İnqilabının rəhbəri və ölkə Konstitusiyasının müəyyən etdiyi “yol xəritəsi”nin izlənilməsinin vacibliyini vurğulayıb, onların effektiv şəkildə həyata keçirilməsini istəyib.

M.Pezeşkianın 4 övladı var. Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib.