11 iyun 2024-cü il tarixində nazir Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə nazirlər Azərbaycan-Almaniya münasibətlərinə böyük önəm verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar mövcud olduğu vurğulanıb. Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hal-hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb. Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.