Azərbaycan dövlətçiliyinin xilas günü

 
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi.   XX əsrin əvvəlində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycan XX əsrin sonunda yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilmələri ölkəni çətin durum qarşısında qoydu. Bu ünsürlərin əməlləri nəticəsində Azərbaycan uçurumun bir addımlığına yaxınlaşmışdı. Ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, bir dövlət olaraq  dünya xəritəsindən  silinmək təhlükəsi ilə üz-üzə qaldı. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqın səbr kasasını doldurmuşdu.   Belə çətin vəziyyətdə xalq ayağa qalxaraq öz xilaskarını axtardı, zəngin dövlətçilik təcrübəsinə malik, Vətənini, torpağını canından artıq sevən, ən çətin anlarda xalqının yanında olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 9 iyun 1993-cü ildə Bakıya gəlişi bugünkü uğurlarımızın başlanğıcı oldu. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. 15 İyun tariximizə Mİlli Qurtuluş Günü kimi yazıldı.
Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı, Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir.
Azərbaycan bu gün Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Regional çərçivədə qurulan əməkdaşlıq əlaqələri artıq beynəlxalq miqyas alıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bunlarla yanaşı, regional əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi.   2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu,  TANAP və 2020-ci il dekabr ayının 31-də TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizi layihəsi  tam şəkildə başa çatdırıldı.
Daha sonra Azərbaycanda  demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız qəbul olundu. Demokrtatiyanın vacib atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər görüldü.
Ümummilli Lider  sülh danışıqlarını cəsarətlə aparmaq üçün  güclü, qüdrətli ordunun olmasını qarşıya mühüm vəzifə kimi qoydu və bu istiqamətdə mühüm addımlar atıldı. O zaman yaradılan möhkəm təməl Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasına, 44 günlük Vətən müharibəsində tarix yazmasına yol açdı.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən hazırda sıralarında 800 mindən çox üzvü birləşdirən, milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP-ın yaradılması da Azərbaycanın həyatında dönüş nöqtəsidir.  Son 19 ildən artıq dövrdə YAP Heydər Əliyev siyasətinin müdrik davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni təşəbbüsləri, qəbul etdiyi qərarları ilə milyonların sevgisini və rəğbətini qazanır.
Milli Qurtuluşdan başlanan yol xalqımızı tarixi Zəfər  gününə qədər apardı. Bu Qələbə cənab İlham Əliyevin Prezidentliyinin 17 ilinin məhz torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə həsr olunduğunu təsdiqlədi. Azərbaycan daha da gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük Vətən Müharibəsi xalqımızın torpaq, yurd sevgisinin də dünyaya təqdimatı oldu. Bu gün Qarabağımız, Şuşamız azaddır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir.
Xalqımız dörd ildir ki, tarixi günləri, bayramları ikiqat bayram edir. Artıq torpaqlarımız işğaldan azad edilib, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb, xalqımızın alnı açıq, üzü ağdır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci Mehriban xanım Əliyevanın bu torpaqlara hər səfəri soydaşlarımızın Böyük Qayıdışını daha da tezləşdirir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası