Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra Şəhid sözü qəhrəmanlıq simvolu kimi, hər kəsdə qürur hissi yaşadır. Ermənistanın hərbi təcavüzü zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən, hər qarış yurd yeri üçün canlarından keçən Şəhidlərimiz müasir qəhrəmanlıq tariximizin şərəfli səhifələrini yazdılar. Azərbaycanın hər bir bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla müasir gənclərimizə örnək oldular.
Şəhidlərimiz ölümə qalib gəlməklə bir ilahi həqiqəti təsdiqlədilər. Bu ilahi həqiqət Azərbaycanın yenilməz, mübariz xalq olduğunu, Şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanətini təsdiq etdi.
Kamilov Mübariz İbadət oğlu 1987-ci ilin may ayının 29-da Xəzər rayonunun Qala qəsəbəsində doğulub. 185 saylı məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra diş texniki üzrə təhsil alır. Bu peşəyə yiyələnmək məqsədilə davamlı kurslarda iştirak edib. Daha sonra əsgəri xidmətə çağrılıb. Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Məsuliyyətli, peşəkar hərbçi olan Kamilov Mübariz hər zaman hərbi hissə komandirlərinin, hərbi xidmət yoldaşlarının rəğbətini qazanıb. Qüsursuz xidmət keçən Mübariz hərbi tapşırıqları yerinə yetirən zaman düşmənin basdırdığı tank əleyhinə minaya düşərək şəhid olub. 2007-ci ildə doğulub boya başa çatdığı Qala qəsəbəsində dəfn olunub. Mübariz Kamilov Vətənə, torpağa bağlı hərbçi, millətini sevən insan olaraq, hər zaman onu tanıyanların qəlbində yaşayacaq.
O, orta məktəb illərindən xüsusi olaraq seçilib. Təhsilə marağı, davamiyyəti, insanlara, elə-obaya, torpağa sevgisi onu hər zaman fərqləndirib. Valideynlərinin verdiyi məlumatlara görə, onun belə yüksək davranışları həm orta məktəb illərində, həm də hərbi xidmət keçdiyi dövrdə dostları və digər insanlar tərəfindən yüksək dəyərləndirilib.
Kamilov Mübariz hərbi xidməti başa vurmağına sayılı günlər qalan zaman Şəhidlik zirvəsinə yüksəlib. Məkanı cənnət olsun. O, Azərbaycanın tarixində, taleyində şərəfli yer tutan qəhrəman olaraq hər zaman rəhmətlə, ehtiramla anılacaq. Sonda bir vacib məqamı qeyd edək ki, çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq!
Şəhid Kamilov Mübariz İbadət oğluna həsr olunan filmi təqdim edirik.
Fact-info.az