KİV: Şimali Koreya raketi Sarı dənizin üzərində parçalara ayrılıb – YENİLƏNİB

Cənubi Koreya ordusu qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan raket Sarı dəniz üzərində çoxsaylı parçalara ayrılıb.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Yaponiyanın NHK telekanalı bundan əvvəl Çin və KXDR sərhədi yaxınlığında səmada partlayışa bənzər parlaq parıltının görüntülərini nümayiş etdirmişdi.

18:21
Şimali Koreyanın ballistik raket buraxması səbəbindən Okinava prefekturasının sakinləri möhkəm binalarda və ya yerin altında sığınmağa çağırılır.

Müvafiq xəbərdarlıq Yaponiyanın “J-Alert” fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə yayılıb.

Yaponiya Sahil Mühafizəsi daha əvvəl qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasından peykin mayın 27-dən iyunun 4-dək buraxılması planları barədə bildiriş alıb.

Raket pillələrinin düşəcəyi gözlənilən ərazilər Yaponiyanın müstəsna iqtisadi zonasından kənardadır.