Azərbaycanda dəmiryol nəqliyyatının vahid operatoru olan «Azərbaycan Dəmir Yolları» QSC dəmir yol sahəsində fəaliyyət göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verir.
FED.az xəbər verir ki, artıq «Azərbaycan Dəmir Yolları» QSC-nin bu davranışı ilə bağlı özəl şirkətlərdə narazılıq yaranıb.
Azərbaycanda müxtəlif növ daşımalarla məşğul olan «Hamısıiance Logistics» MMC şirkəti «Azərbaycan Dəmir Yolları» QSC-ni ayrı-seçkilik etməsi və haqsız rəqabət yaratması ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.
Müraciətdə bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC dəmir yol sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir, daha dəqiqi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edir.
Şirkət bu halların səbəğbinin araşdırılması və müvafiq tədbirlərin görülməsini istəyir.
Qeyd edək ki, bu hallar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun «Sahə inhisarçılığı»na aid olan 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinə, eləcə də Qanunun «Təsərrüfat subyektlərinin inhisarçılığı»na aid olan 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin pozulması deməkdir.
Xatırladaq ki, 6-cı maddənin 4-cü bəndinə əsasən təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 11-ci bəndinə əsasən isə rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması qanunla qadağandır.
«Antiinhisar fəaliyyəti haqqında» qanunun 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinə əsasən isə digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; eləcə də, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi qadağandır.
Eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin bu davranışı “Haqsız rəqabət haqqında” Qanunun
5-ci maddəsinin (Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması hallarını əhatə edir) 2-ci hissəsinin, Rəqibin təsərrüfat fəaliyyətinə müdaxiləni əhatə edən 6-cı maddəsinin 2-ci hissəsinin və Haqsız sahibkarlıq fəaliyyətinə aid olan 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləridir.
Qeyd edək ki, sözügedən qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması qadağandır.
Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə isə rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması qanunla qadağandır.
Bundan başqa, qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunla qadağandır.