Mayın 20-də “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) görüş keçirib. Görüşdə “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının koordinatoru, “Ulduz” İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev, “Saglam həyata dogru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, “Dendrologiya Bağı” PHŞ-nin əməkdaşı Elman Cəfərli, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova və kimya elmləri üzrə fəlsəfə doktoru “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynur Zülfüqarova iştirak edib.
SOCAR-ın nümayəndələri Rakif Qafarov və Nigar Mehdiyeva ilə görüşdə koalisiya üzvləri 2024-cü il “Yaşıl dünya naminə ekoloji həmrəylik ili”ndə, COP29-a hazırlıq dövründə vətəndaş cəmiyyətinin və dövlət qurumlarının, bələdiyyələrin üzərində düşən vəzifələrdən danışıblar. Samir Həsənov maarifləndirmə və təşviqat işlərinin artırılmasını vacib sayıb. Taleh Əliyev koalsiyanın irəli sürdüyü təkliflərlə bağlı məlumat verib. O, qeyd edib ki, peşəkar təlimçilərin iştirakı ilə gənc könüllülər, ekoloqlar, vətəndaş cəmiyyəti fəalları və jurnalistlər üçün seminarların, təlimlərin keçirililəcəyi Ekologiya Akademiyasının yaradılması vacibdir.
Elman Cəfərli cəmiyyətdə müntəzəm olaraq ekoloji maarifləndirməni həyata keçirəcək Eko.TV yutub kanalının açılmasını və fəaliyyətini vacib sayıb. “İnternet məkanında Azərbaycan dilində fəaliyyət göstərən yutub kanallarının əksəriyyəti ictimai-siyasi yönümlüdür. Səhiyyə kanalları, hərbi ekspertlərin çıxış etdiyi kanallar da çoxdur. Lakin ekoloji yönümlü telekanal, yutub kanalı yoxdur. Müstəqil ekoloq yutuberlər də gözə dəymir. Mediada tibbdən, hərbi sahədən, siyasətdən, geopolitikadan, idmandan yazan ixtisaslaşmış jurnalistlər olsa da, ekologiya üzrə ixtisaslaşmış kadrlar yox dərəcəsindədir. Bu cür kadrları formalaşdırmaq, bunun üçün onları təlimlərə cəlb etmək lazımdır”-deyə, o, bildirib. İradə Həsənova, Aynur Zülfüqarova bildirib ki, tədris müəssisələrində təbliğat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi zəruridir.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov yaşıl enerjiyə keçidlə bağlı görüləsi vacib işlərdən danışıb. O, bildirib ki, iri şəhərlərdə, xüsusən paytaxt Bakıda ekoloji layihələrə əsaslanan nəqliyyat infrastrukturunun yaradılmasını günün tələbidir. Sadiq Həsənov koalisiyanın bunun bağlı təkliflər hazırladığını bildirib.
Təmsil etdiyi qurumun ekolji mövzulara həssas yanaşdığını vurğulayan SOCAR-ın nümayəndəsi Rakif Qafarov şirkətin yaşıl enerjiyə keçidlə bağlı ideya və təşəbbüslərindən danışıb. O, görüşdə səslənən təkliflərin şirkət rəhbərliyinin diqqətinə çatdırılacağını bildirib.