İnsanlar niyə mütalilədən qaçır?

Mütalinənin insanın formalaşmasında, beynin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Bu barədə əlavə nəisə demək istəmirəm. Lakin o barədə demək istərdim ki, mütaliə mədəniyyətinə, ənənələrinə, vərdişlərinə zərbə vuran xeyli faktorlar var.
Bəziləri deyirlər ki, Azərbaycan dilində oxumalı kitablar azdır və yaxud yeni ədəbiyyat nümunələri yetərli deyil. Bu fikirlərlə razılaşmaq olmaz. Çünki istər Azərbaycan dilində, istərsə də digər dillərdə ən azından elektron kitabxanalar vasitəsilə oxumalı kitablar tapmaq mümkündür.
Bir çox insanlar iqtisadi problemlərinə, gündəlik qayğılarına görə, mütaliəni birdəfəlik leksionlarında çıxarıblar. Digər kateqoriyadan olan bəzi insanlar, xüsusilə, gənclər min bir zəhmət hesabına təhsil alırlar, gecə-gündüz çalışırlar. Nəticəsi olmur. İnsan öz zəhmətinin, intellektinin bəhrəsin görməlidir. Əgər görə bilmirsə bu ciddi fəsadlar yaradır. O zaman həmin insanın kitaba, dəftərə, mütaliyəyə hansı müsbət münasibəti olacaq? Mən diqqət yetirirəm, çox dar çərçivələrdə poeziyaya, kitab oxumağa, mütaliyəyə meyl var.
Gecə-gündüz car cəkməklə ki, ay millət gəl, kitab oxu deməklə məsələ həll olunmayacaq. Deməli, ictimai elmlər inkişaf etməlidir. Beyin mərkəzlərində bu ciddi məsələlər təhlil olunmalıdır. Hər hansı julik biznesmen, pullu bir dələduz deyil, elmli, təhsilli insanlar cəmiyyətdə ən hörmətli şəxs kimi qəbul olunmalıdır. Ona görə qəbul olunmalıdır ki, mütaliə bir həyat tərzinə çevrilsin.
Hər hansı arxası, krışası olan nadan deyil, yalnız müasir elmləri yüksək səviyyədə mənimsəyən insanlar cəmiyyətə bütün sferalarda fayda verə bilər.
Bu barədə çox danışmaq. yazmaq olar. Lakin mən böyük ehtiramla xatırladığımız Cümhuriyyətin önəmli simalarından olan Əli bəy Hüseynzadənin fikri ilə sözümə nöqtə qoyuram. O, yazırdı: “Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir”. Gerçəkdən bu da təhsilə, elmə, insana verilən böyük dəyərlər sistemindən başlayır. Ən vacibi mütaliə prosesini inkişaf etdirmək üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır.
Əkrəm Bəydəmirli