Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan vətəndaşı mayın 14-ü ölkəmizə repatriasiya edilib.
Bu barədə XİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
İstanbuldakı Azərbaycanın Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin olunub və onlar ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”.