Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Beynəlxalq Qalereya tərəfindən “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində “İsmayıllı mənzərələri” adlı etüd – sərgi keçirilib. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tərəfdaşı olduğu “İsmayıllı mənzərələri” etüd-sərgisinin təşkilatı dəstəyi Zəngəzur Harmony Wellness Resort otel tərəfindən təmin olunub. Səhər saatlarında Bakıdan İsmayıllıya yola düşən rəssamlar yol boyu populyar müğənni Mütəllim Mütəllimovun canlı ifa etdiyi vətənpərvərlik ruhlu musiqi sədaları altında səyahət ediblər.
İsmayıllı rayonunun ecazkar təbiətinin qoynunda yerləşən möhtəşəm Zəngəzur Harmony Wellness Resort oteldə qonaqları istirahət mərkəzinin rəhbəri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Məzahir Həsənov qarşılayıb.
Müxtəlif yaş qrupundan olan 50 nəfər rəssam İsmayıllı rayonunun möcüzəvi təbiət guşələrindən olan Zəngəzur otelin ərazisi ilə tanış olduqdan sonra ərazidən görünən təbii mənzərələri fırçayla kətan üzərində canlandırmağa başladılar.
Etüd-sərginin fəxri qonaqları olan Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanaliyev, Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov tədbirin iştirakçıları – Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşları Səxavət Zülfiyev, Əlisoltan Sadıqov, ixtiraçı – rəssam Azim Mirzəliyev, Nizami rayon 24 saylı seçki komissiyasının üzvü Bahar Bağırova rəssamların yaradıcılıq prosesini yerində izləyiblər.
Sonda rəssamların bir neçə saatlıq gərgin yaradıcılıq əməyinin nəticəsi olan əsərlər nümayiş olundu.
Etüdlərin çəkilməsi yekunlaşdıqdan sonra keçirilən tədbirdə çıxış edən Zəngəzur otelin rəhbəri Məzahir Həsənov iştirakçıları 9 may – faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib, 2020-ci ilin Vətən Müharibəsində və 2023-cü ildə bir günlük antiterror əməliyyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etməsinin şanlı tariximizə qızıl hərflərlə yazıldığını bildirib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə üzərində Ümummilli liderin portreti olan 100 ədəd forfor vaza və xüsusi olaraq xaricdən gətirilmiş 100 ədəd Kedr ağacının Şuşaya hədiyyə olunduğunu qeyd etdi.
Beynəlxalq Qalereyanın direktoru və etüd rəhbəri Elnurə İsgəndərova Aygün Əzizovanın layihə rəhbəri olduğu “İsmayıllı mənzərələri” etüd-sərgisinin uğurla yekunlaşdığını diqqətə çatdırıb, tərəfdaşlara, xüsusilə də təşkilati dəstəyə görə Zəngəzur Otelin rəhbərliyinə təşəkkürünü bildirib, “Vətənpərvərlik etüdləri” layihəsi və Beynəlxalq Qalereyanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Daha sonra rəssamlar və tərəfdaşlar sertifikatlarla təltif olundular.
Sərginin bədii hissəsində vətənpərvər müğənni Mütəllim Mütəllimovun solo konserti keçirildi. Konsert İsmayıllı Mədəniyyət İdarəsinin ansamblının üzvlərinin ifası ilə davam etdi.
Müxbir: Aygün Oqtay
Operator: Xatirə Məmmədova
Fotoqraf: Camal