Azərbaycanın regional və qlobal səviyyədə fəaliyyəti, eləcə də beynəlxalq arenada əməkdaşlığı nüfuzlu təşkilatlarla, dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar açıb. Müstəqil dövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha möhkəmlənib. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına, qarşılıqlı etimad və tərəfdaşlığa əsaslanır. Səfər çərçivəsində perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlər müzakirə olundu, təkbətək və geniş tərkibdə görüşlər keçirildi, mətbuata birgə bəyanat verildi. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında dövlət başçımızın bildirdiyi kimi, “Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”.
Bildiyimiz kimi, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib.
Slovakiya Respublikasının Baş nazirinin ölkəmizə səfəri əməkdaşlığın daha da yüksəlməsinə təkan olacaqdır. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu səfər əlaqələrin yeni səhifəsini açacaqdır. Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun birgə imzaladıqları “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” münasibətlərin daha da dinamik inkişafına yönəldilmiş Sənəddir. “Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir” – deyə Cənab Prezident diqqətə çatdırıb. Bu Sənəd Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün kimi tarixiləşdi. Ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, hərbi-texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu, müdafiə sahəsində sazişin imzalanması əməkdaşlıq əlaqələrimizin daha da güclənməsi üçün yeni üfüqlər açır. Belə ki, dövlətlərarası “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Bildiyimiz kimi, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinə də xüsusi diqqət yönəldilərək bildirilib ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin icra edilməsinə də toxunulub. Bəyanatda vurğulanıb ki, Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Azərbaycanın enerji diplomatiyasına nəzər salan dövlətimizin başçısı qarşılıqlı münasibətlər nəticəsində atılan uğurlu əməkdaşlığın nailiyyətlərini diqqətə çəkib. Dövlətimizin başçısı ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də nəzər salıb və Slovakiya-Azərbaycan biznes forumunun keçirildiyini və slovakiyalı iş adamlarının Azərbaycanda səfərdə olduqların vurğulayıb. Bir sıra sərmayə layihələri də müzakirə edilib.
Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
Əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Bildiyimiz kimi, bugünümüzün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. İşğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirildi. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək” – deyə Cənab Prezident bildirib.
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun bu səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.
Akif Rəfiyev,
Qarabağ müharibəsi veteranı, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri