Xumar baxışlı Xumarın acı həyat heykayəsi…

 Qardaşım məni öldürmək istəyəndə, atam qoymadı…

 

Bu yazıda Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovdan və ailəsindən bəhs edəcə­yəm. Araz 1960-cı ildə Xocalıda anadan olmuşdu. Traktorcu işləyirdi, yaz gə­ləndə trak­torunun səsilə torpağı yuxudan oyadıb bağrında şırımlar açardı. Can verər, sonra da əkdiyi torpaqdan bərəkət toplayardı. Belə bir gənciydi, əli işdə, alnı tərdə, fikri-zikri halal çörəyni qazanmaqda, elinə-obasına faydalı olmaqda. Arazın traktorunun səsi kəsildiyi gündən Xocalının da səsi kəsilmiş, torpağın sinəsində qanlı əllər şırım açmışdı.

Qəhrəmanlıq zirvəsini çox erkən fəth etmişdi, cəmi 32 yaşında. Ömrünün ən gözəl çağlarıydı, bitib tükənməyən arzuları, xəyalları vardı. Amma yaşadıqları qorxunc bir gerçəkdi xəyal deyildi.1992-ci ildə Xocalı soyqrımı zamanı qətlə yetirildi Araz ümidləri, xəyalları, arzuları ilə birlikdə.

… Aradan uzun illər keçdi. Amma o gecənin iniltisi, yorğunluğu çıxmadı canımızdan, ruhumuzdan. O gecə qorxulu bir filmi xatırladır, Xumarın danışdıqları kimi. O qədər ağır yükün altından Xumarın heç dəyişməyən məsum, xumar baxışları bir mələk kimi boy­lanır bizə sarı, hüzünlü, hələ də yorğun, həsrət dolu. Yaşadıqları, içində çəkdikləri sızıltı o qədər tanışdır ki, mənə, qarşımda özümü görür kimiyəm.

O gecə Xocalıda xumar baxışlı, ceyran duruşlu qız -gəlinlərin iniltisi, sızıltısı o qarlı meşələrə sıldırımlı qayalara hopdu.

Yaxın oturun, bir möcüzə nəticəsində sağ qalan zərif çiyinlərində dünya boyda

dərd yüklənən Xumar xanımı dinləyək. Azərbaycanin Milli Qəhrəmanı Araz Səlimovun bacısı Xumarı. Dinləməyə gücümüz çatacaqmı? Onun nağılını dinləyə biləcəkmiyik!?

–Çox uşaqlı ailədə doğuldum . Ailənin sonbeşiyiydim. Bacı-qardaşlarım başıma pərvanə tək dolanardılar. Yaz gələndə qardaşlarım gül dəstəsi bağlayıb gətirərdilər. Hələ də  nər­giz­gülünün, bənövşənin qoxusu gəlir burnuma. Al-əlvan gülə -çiçəyə bələnən kəndimiz çox gözəl idi. Bir tərəfi Boz dağı, bir tərəfi Kətik meşəsiydi boynuna dolanan çayları vardı gözəl kəndimizin. Hər gün səhənglərini çiyinlərinə aşırıb buz kimi sərin suyu olan bulaqdan qız-gəlinlər su daşıyardı, gülüş səsləri hər tərəfə yayılardı. Gənc oğlanlar da

gözaltı etdikləri qızları burdaca oğrun -oğrun süzərdilər. Hər şey gözəl idi . Ta Qarabağ müharibəsinə kimi, hər şeyin alt-üst olduğu, qara günlü, qara donlu günlərimizin başla­dığı günə kimi.

Qarabağ müharibəsi başlayanda insanların üzündə gülüş də donub qaldı. Əvvəlcə “daş­laşma” başladı . Maşınlarımız Əsgərandan keçəndə ermənilər bizi daş-qalaq edirdi Xoca­lıdan keçəndə bizimkilər. Xankəndidəki 366-cı motoatıcı rus alayının əsgərləri isə xocalıları dubinka ilə döyüb qol-qabırğalarını sındırardılar. Bir neçə dəfə də ermənilər Xocalıya hücum edib ot tayalarını, evlərimizi yandırmışdılar. Atamın qoşa lüləsi vardı,

bilmirdik harada gizlədək. Xankəndidəki alayın zabit və əsgərləri itlə qapı-qapı gəzib silahları camaatdan yığıb xalqı əliyalın qoydular.

O gecə də zirehli hərbi texnikası topu, tüfəngi olan bu ordu ermənilərlə birlikdə Xocalı

camaatını qırdı. O gecə həyatım-alt üst oldu. Düz 32 il ötüb o qorxunc gündən. Həyatım

xəzan vurmuş don kimidi. O gecə saat 12-nin yarısıydı. Atam, anam,  qaradaşlarımın həyat yoldaşları və uşaqları, hamımız evdəydik. Qardaşlarim isə postaydı. Güclü atışma

başladı. Ailəlikcə üstü betonla örtülmüş tövləyə endik. Böyük qardaşım xəbər verdi ki,  ermənilər kəndə dolub burda dayanmaq olmaz. Çayin kənarı adamla doluydu, çay da aşıb-daşırdı. Kişilər ayaqların soyunub qadınları kürəklərinə alıb çaydan keçirdilər. Qon­şumuz Valeh də məni və həyat yoldaşını çayın o üzünə keçirdi. O, muzukant idi, gözəl gitara çalırdı. Biz Kətik meşəsinə girdik. Sıldırım buzla örtülmüş dağı zülümlə aşdıq. Qardaşlarım qabaqda, biz isə arxada gedirdik. Araz plemyotçu idi. Kiçik qardaşım da polis əməkdaşıydı. Səhərə kimi yol gəldik. Sübh çağıydı, birdən güclü atışma düşdü. Ucu -bucağı görünməyən böyük bir dəstəydik. BTR-lərlə qarşımızı kəsib camaatı gülləyə tut­dular. Atılan güllərdən birinin qəlpəsi burnumu yaraladı. Həmyerlimiz Zərifi də yanım­daca öldürdülər. Lap yaxınlıqda ermənilərin səsi eşidilirdi. Kiçik qardaşım Mikayıl dedi ki, “ məni bağışla bacı, səni öldürməyə məcburam. Yoxsa erməniyə əsir düşəcəksən. Mən də vur, vur məni qardaş qanımı halal edirəm” ­– dedim və gözlərim yaşardı. Cavan idim ya­şamaq istəyirdim. Atam qardaşımı qoymadı məni öldürməyə boğuq səslə, var gücüylə qaç – dedi. Atamı, qardaşlarımı bərk-bərk qucaqlayıb öpərək yaxınlıqdakı qayadan özümü tulladım. Yumalana-yumalana kol-kosun içinə düşdüm. Gördüm camaatımız burda gizlənib. Körpəsini kürəyinə şəlləyən Ramilə də burdaydı. Aramizda 5-6 kişi vardı onlar da silahsızıydı. Ermənilər üstümüzə qranat ataraq, bizi mühasirəyə aldı. Cavan bir

erməni yaraqlısı məni sürüməyə başladı. Mən də ona yalvarırdım ki, sən  qardaşıma oxşa­yırsan məni öldür, amma aparma, aparma -deyərək, ayaqlarından yapışırdım. Birdən o “po ruskom znayeş?”- dedi. Mən də dilim dolaşa-dolaşa “da znayu” –dedim. O patronu ataraq mənə gedecəyim yolu göstərdi. Azərbaycanlılar ordadı ora qaç, dedi. Elə bu vaxt yaxınlıqda olan qara saqqalı erməni yaraqlıları onun üstünə tökülüşüb “ torkun qızını niyə buraxmısan?” – deyirək, onu güllələdilər. O isə xırıltılı səslə, onusuz da ağır yaralıydı, öləcəkdi.-deyirdi.

Onu güllələyəndə qanı üstümə sıçradı. Sonra məni saqqallılar döyməyə başladılar. Ağır yaralı idim, mənə gülür, təhqir edirdilər, Elman Məmmədovu soruşurdular. Sən onlarla qaçırdın hardadı o hardadı? birlikdə qaçırdınız?! -deyərək, təpikləyirdilər. Mən huşumu itirdim. Onda ayıldım ki, üstümə sulu qar yağır. Əynimdəki paltarlarım didik- didik ol­muşdu. Yan-yörəm meyidlərlə doluydu. Heç gözümün qarşısından getmir. Meyidlərin arasında başının yarısı olmayan gənc bir oğlan vardı, yavaş səslə məndən su istədi. Can qardaş, can məndə su hardandı? –dedim. Quşbaşı qar yağırdı. O üzümə məyus -məyus baxdı. İstədim ona bir ovuc qar verəm, bu vaxt erməni yaraqlılarının atışa-atışa bizə tərəf

qaçdığını gödüm. Oğlana dedim ki,ay qardaş, ermənilər gəlir, o, işarə etdi ki, gözünü yum. Gözlərimizi bərk-bərk yumub, özümü ölülüyə vurduq. Ermənilər ayaqlaya-ayaqlaya üstümüzdən keçdilər. Onlar getdilər. Sən demə yaralı oğlan son anda da mənə həyan olmuşdu. O gözlərini üzümə zilləyib of, of deyərək, son nəfəsini verdi. Hələ də onun nəfəsini sanki üzümdə hiss edirəm. İlk  dəfə ağlaya-ağlaya onun gözlərini qapadım. Bu vaxt yaxınlığımında səslər eşitdim. Ay Xocalılar hardasınız, hardasınız yerinizi söyləyin -deyirdilər. Mən özümdə güc taparaq ayağa qalxıb “ay qardaşlar burdayıq- burdayıq” –qışqırdım. Ermənilər məni arxadan gülləyə tutdular Hər tərəfdən dolu kimi güllə yağışının altındaydın. Müvazinətimi itirərək yıxıldım. Ağdamdan gələn könüllülər bizim

çoxlu adamlarımızı xilas etdilər. Məni qucaqlarına ala bilmədilər bədənim param-

parça idi. Onlardan biri, Elgiz dedikləri oğlan əynindəki buşlatını çıxarıb məni

buş­latın içinə qoyub döyüş yoldaşları ilə birlikdə Ağdam mərkəzi xəstəxanasına

gətirdilər həkimlər yaralarımı sarıdılar. Çox ağır yaralı olduğuma görə məni

Bakıya Təcili yardım xəstəxanasına göndərdilər. Orda həkimlər məni ölmüş

bilərək morqa qoyublar. Yaxın qohumumuz Azərbaycan Tibb Univeristetinin

professoru Mübariz Hamısıahverdiyev morqa gəlib mənim nəfəs aldığımı görür və məni

müalicəyə götürürlər. Xeyli müalicələrdən sonra əməliyyat edirlər. Həmin

vaxt anam gəldi. O, səhnəni danışmağa sözün gücü çatmaz.

Əməliyyat olunsam da qolum açılmadı ki, açılmadı. Bakıda nə qədər müalicə olunsam-da qolum açılmadı. Sən demə qolumda xeyli sayda qəlpə varmış. Rəssamlar İttifaqının

sədri Fərhad Xəlilovun, Rafiq müəllimin köməyi ilə məni Türkiyəyə döndərdilər. Orada həkimlər bildirdilər ki, qolundakı “asqollar” bir az da  geciksəydi paslanaraq ölümümə səbəb olacaqdı. Məni əməliyyat edib sağaltdılar. Amma o gecə qəlbimə vurulan yaralar heç sağalmadı ki, sağalmadı, hələ də qan sızır. Ömrümün sonuna kimi bu yaralar

sağalan deyil.

O gecə ermənilər atam Bahaduru, qardaşlarım Fəxrəddini ,Arazı, Mikayılı işgəncəylə öl­dürdülər. Hətta əsirlərin arasında qardaşımı axtararaq, plemyotçu hardadı, hardadı? –deyə soruşurmuşlar. Bunları girovluqdan qayıdan həmyerlimiz İbrahim dayı danışırdı. Ermənilər evimizdən bir başı papaqlı qoymadı. Arazın 3 yaşlı oğlu İlqardan savayı… Anam, bacılarım bu dərdə dözməyib vaxtsız dünyalarını dəyişdilər. Çünki anam, bacım Şəhla onun 5 uşağı da girovluğun cəhənnəm girdabını görüb gəlmişdilər. O haylı-haraylı

ailəmizdən 2 bacı qalmışıq. İllər ötsə də mənim Xocalı yaram təp təzədi. Elə o qarlı qış gecəsindəki kimi… Taleyimə yağan qırmızı qar kimi…

Ey yolçu, Xocalıya yolun düşsə Xumargilin evinə də baş çək . O səsli-küylü evin

Eyva­nından xumar baxışlı, mələk simalı Xumarın boylandığını görsə, səslə ki,qardaşları ona topa-topa çiçəklər yığıb gətirib…

 

Səriyyə Müslümqızı