ABŞ-dən Paşinyana tələb: “Onları sərhəddən yığışdır”

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri, Avropa Komissiyasının sədri və ABŞ dövlət katibinin üçtərəfli görüşü və birgə bəyanatından sonra yeni gəlişmələr gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti hakim partiyaya istinadla yazır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, yaxın vaxtlarda Qərb mütəxəssislərindən ibarət heyəti Ermənistanın ehtiyaclarını yerindəcə qiymətləndirmək üçün İrəvana gələcək və hesabat hazırlayacaq:

“İlk növbədə, qərbli mütəxəssislərin hədəfi Ermənistandakı Rusiya hərbi bazası və Rusiyanın digər nümayəndəlikləridir. Xüsusilə, Qərb Ermənistan-Azərbaycan sərhədindəki (Tavuş) Rusiya müşahidə məntəqələrinin yığışdırılmasında, həmçinin 102-ci hərbi bazanın Ermənistandan çıxarılması üçün ilkin şərtlərin yaradılmasında maraqlıdır.

Brüsseldə Nikol Paşinyana Ermənistanda Rusiya hərbi bazasının olması səbəbindən lazımi səviyyədə hərbi-siyasi yardım göstərə bilməyəcəklərinə açıq-aşkar eyham vurulub. Ermənistan da öz növbəsində Rusiya hərbi bazası və mövcudluğundan xilas olmaq üçün addımlar atmalıdır”.

Nəşr iddia edir ki, qərbli mütəxəssislərin səfəri məxfi xarakter daşıyacaq və açıqlanmayacaq.