Planetin “barıt çəlləyi” olan Yaxın Şərqdə növbəti gərginlik dalğası xeyli müddətdir davam edir. 2023-cü ilin oktyabrında İsraillə HƏMAS arasında başlayan hərbi toqquşmanın miqyası genişlənməkdədir. Yaranmış şəraitdə artıq İranla İsrail arasında müharibənin qaçılmazlığına dair müzakirələr xeyli intensivləşib. Belə ki, aprelin ilk günlərində İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə raket hücumundan və nəticədə iranlı generalın ölümündən sonra tərəflər arasında gərginlik daha da dərinləşib. Aprelin 13-də axşam İran İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücum həyata keçirdi. Bu hücuma qarşılıq verən İsrail də öz növbəsində İrandakı obyektlərə zərbələr endirdi.
Yaxın Şərqdə səngiməyən gərginlik Şərqi Avropada davam edən müharibəni faktiki ikinci plana keçirdi. Çünki haqqında danışılan gərginlik regionda yeni müharibə ocağının yaranması üçün ciddi zəmin formalaşdırıb. Əgər Yaxın Şərqdə genişmiqyaslı müharibə başlayarsa, bu, dünyadakı qütbləşməni daha da kəskinləşdirəcək. Bu reallıqda isə müxtəlif dövlətlər Şərqlə Qərb arasında seçim etmək məcburiyyətində qalacaq. Perspektivdə bu, Üçüncü Dünya müharibəsinin yetişməsi anlamına gəlir.
Doğrudur, Yaxın Şərq regionunda son günlər nisbi sakitlikdir. Amma İranla İsrail arasında toqquşmanın yenidən vüsət alacağı gözləniləndir. Hər halda, bunda maraqlı olan qüvvələrin mövcudluğu diqqətdən qaçmamalıdır.
Əgər toqquşma yenidən başlayarsa, yəqin ki hərbi qarşıdurma bu dəfə heç də qısamüddətli olmayacaq. Odur ki, belə bir ssenarinin gerçəkləşməsini istəməyənlər ehtimal edilən eskalasiyanın qarşısını almaq üçün maksimum səy göstərməlidirlər.
Nəzərə almaq lazımdır ki, hazırda müxtəlif regionlarda baş verən hadisələr nəticəsində dünyanın təhlükəsizlik sistemi də dəyişir. Yaxın Şərqdə ehtimal olunan genişmiqyaslı eskalasiya isə bu baxımdan kulminasiya nöqtəsi ola bilər.
Misirin xarici işlər naziri Samih Şukri aprelin 20-də İstanbula səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında Yaxın Şərqdəki gərginliyin genişlənməsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bunun qarşısını almaq lazımdır: “Bütün vasitələrlə buna mane olmağa çalışırıq. Mövcud problemlərin dialoq yolu ilə beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını istəyirik”.
Əlbəttə, arzuedilməz olsa da, bölgədəki gərginliyin genişlənmə ehtimalı həqiqətən var. İranın qarşıdakı günlərdə İsrailə növbəti cavab zərbələri endirməsi heç də istisna deyil. Doğrudur, müəyyən güclər bunun qarşısını almağa çalışır. Çünki Tehranın atacağı istənilən addıma adekvat cavab veriləcək.
H.Fidan da dünənki brifinqdə Yaxın Şərqdəki proseslər barədə danışıb. O, diqqətə çatdırıb ki, regionda artan gərginliyin qarşısını almaq lazımdır. Türkiyəli nazir bildirib ki, Ankara bu məqsədlə öz müttəfiqləri ilə müzakirələr aparır: “Müxtəlif miqyaslarda bununla bağlı fikir mübadiləsi aparılır”.
H.Fidan konkret olaraq hansı alternativlərdən söhbət getdiyini açıqlamayıb. Amma bu “B” planının hərbi əməliyyatları nəzərdə tutduğu istisna deyil. Yəni Yaxın Şərqdə İranla İsrail arasında müharibə alovlanarsa, Türkiyənin də hərbi əməliyyatlara başlaması mümkündür.
Birincisi ona görə ki, Yaxın Şərq Türkiyənin birbaşa maraqlandığı bölgədir və Ankaranın regionla bağlı konkret hədəfləri var. Əslində, mümkün eskalasiya xüsusilə təhlükəsizlik baxımından Türkiyənin maraqlarına uyğun deyil.
İkincisi, Türkiyə ilə həm İranın, həm də İsrailin münasibətləri əksəriyyətə məlumdur. Əgər savaş qaçılmaz olarsa və Türkiyə proseslərə hərbi yolla müdaxilə edərsə, Ankara yəqin ki, İranı dəstəkləyəcək. Əvvəla, ona görə ki, Türkiyə Fələstinin ərazi bütövlüyünü tanıyır və Ankara-Təl-Əviv münasibətləri yumşaq desək, kifayət qədər soyuqdur. İkincisi, həm Türkiyə, həm də İran eyni regionda yerləşən müsəlman ölkəsidir. Qonşuluq və digər mühüm məqamlar isə tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verir. Bu gün Tehran və Ankara bir çox məsələlərlə bağlı əməkdaşlıq edərək koordinasiyalı qaydada davranmağa çalışırlar.
Yaxın Şərqdə ehtimal olunan müharibə dünyanın təhlükəsizik sisteminə növbəti ağır zərbə olacaq. Hadisələr bu yöndə inkişaf edəcəyi təqdirdə Türkiyə ilə ABŞ arasında da gərginliyin artacağı gözlənilir. Çünki mümkün savaşda Ankara Tehranın, Vaşinqton isə Təl-Əvivin yanında olacaq. Bununla həm NATO daxilində əməkdaşlıq mühiti zəiflənəcək, həm də Alyansın parçalanmasına şərait yaranacaq.
Bütün bunları nəzərə aldıqda, deməliyik ki, Yaxın Şərqdə ehtimal olunan genişmiqyaslı müharibə çox ciddi nəticələr vəd edir. Nə qədər ki gec deyil, bu ssenarinin reallaşmaması üçün zəruri addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, bu sadəcə, regional yox, qlobal təhlükəsizliyi də ciddi şəkildə təhdid edən beynəlxalq əhəmiyyətli məsələdir.