Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.
Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.
Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
“MKT İstehsalat Kommersiya” MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.
Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, “MKT İstehsalat Kommersiya” MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.
Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti – “Baku İnternational Tabacco”nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.(Qaynarinfo)