Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? – İDDİA

Cəlilabad rayonu Göytəpə meşəbəyliyinin 13 a saylı meşə dolayının gözətçisi Habil Balaxan oğlu Babayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Cəlibabad sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumata görə, gözətçinin döyülməsinə səbəb onun meşədə işlik material üçün ağac kəsən iki nəfərə etiraz edib mane olmaq istəməsi olub. Nəticədə Habil Babayev kəllə-beyin travması alır. Onun baş nahiyəsinə bir-neçə tikiş qoyulub.

Meşə gözətçisini döyən Cəlilabad rayon Oğrubulaq kənd sakinləri artıq polis tərəfindən saxlanılıb. Hadisəylə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, gözətçini döyən Oğrubulaq kənd sakinləri ağacları 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Rahib Ağayevin tapşırığı əsasında kəsiblər. Və onlar meşə gözətçisinə də bu barədə məlumat versələr də, Habil Babayev nəzarət etdiyi dolayda buna imkan verməyəcəyini deyib.

Rayon sakinlərinin cumhuriyyet.az-a bildirdiyinə görə Rahib Ağayev bütün imkanlarını işə salaraq hadisəni ört-basdır eləmək istəyir. Dünən xəstəxanada bütün gecəni Habil Babayevin yanında keçirərək onun şikayətçi olmamasına çalışıb. Amma meşə gözətçisi geri çəkilməyəcəyini bildirib.

Qeyd edək ki, Rahib Ağayev qalmaqallı məmur kimi tanınır. Onun adı mediada dəfələrlə meşələri məhv edən vəzifəli şəxs kimi hallanıb. İxtisas təhsilinə malik olmayan Rahib Ağayev 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları arasında keçirilən atestasiya imtahanında da səhhətini bəhanə edərək iştirak etməyib.

Hadisəni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 



Mənbə