“Faynənşl Tayms” Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb ki, Rusiya Donetsk, Xerson, Luqansk və Zaporojye bölgələrinin daha çox ərazisini ələ keçirmək niyyəti ilə baharın sonunda və ya yayda genişmiqyaslı hücum hazırlaya bilər.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya tez bir zamanda məsələni bitirib, atəşkəs haqqında razılığa gəlmək istəyir:
“Çünki Rusiyanın iqtisadi vəziyyət ürəkaçan deyil, daxildə Putinə qarşı narazılıq var. Həmçinin varis məsələsi siyasi elitanı parçalaya bilər. Buna görə də Rusiya tez bir zamanda böyük hücuma keçəcək.
Rusiyanın niyyəti Ukraynanın ikinci ən böyük şəhəri Xarkovu ələ keçirməkdir. Bunun üçün güclü hücum planlaşdırılır. İran və İsrail arasında yaşanan son gərginlik Moskva üçün göydəndüşmə oldu. Dünyanın diqqəti fərqli istiqamətə yönəldiyindən və Qərbin qüvvələri parçalandığı üçün Putin Ukraynanın işğalını daha sürətli şəkildə həyata keçirməyə çalışacaq”.
Politoloq qeyd edib ki, müharibənin uzanması Rusiyaya da sərf etmir: resurs itkisi, xalqın narazılığı artır:
“Kreml hazırda əsasən ucqar regionlardan olanları döyüşə göndərir, çünki həmin bölgələrdə hansısa narazılıq yaşansa, bunu basdırmaq asandır. Çağırışların ağırlığı mərkəzi şəhərlərə doğru gəldikcə narazılığın artdığının şahidi olacağıq.
Yaya doğru Rusiyanın Ukraynada dəhşətli hücumlarının şahidi ola bilərik. Xüsusilə payızda – ABŞ-da seçki prosesi başladıqdan sonra bu proses sürətlənəcək”.