Kişilərdə və qadınlarda ən çox görülən xərçəng növləri hansılardır?

Xərçəng ən çox insan ölümü ilə nəticələnən xəstəlikdir.

Dunyaxeber.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, “bədxassəli şiş” və ya “ur” olaraq da adlandırılan xərçəng, dünya miqyasında ikinci ən çox ölüm səbəbidir.

İnsan bədəninin hər hansı bir yerində anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə başlayan və digər orqanlara yayıla bilən böyük bir xəstəlik qrupu olaraq təyin olunan, meydana gəldiyi toxumaya görə adlandırılan 200-dən çox xərçəng növü məlumdur.

Ağciyər, süd vəzi, dəri, prostat vəzi, mədə, yoğun bağırsaq, uşaqlıq yolu və limfa düyünlərinin şişləri ən çox görülən xərçəng növlərindəndir.

İrsi meylliliklə yanaşı, siqaret və spirt istifadəsi, sıx günəş işığına məruz qalma, radiasiya və kanserogen adlanan bəzi kimyəvi maddələr, bəzi viruslar, pis qidalanma vərdişləri və hava çirkliliyi kimi xarici amillərin də xərçəngə səbəb olduğu bilinir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xərçəng xəstəliklərinin təxminən 3-də 1-i siqaret və alkoqol istifadəsi, yüksək bədən kütləsi indeksi, qeyri-sağlam qidalanma, az meyvə və tərəvəz istehlakı və fiziki fəaliyyətin olmaması səbəbindən baş verir.

Hər xərçəng növünün qarşısını almaq mümkün olmasa da, təxminən 3-də 1-nin sağlam qidalanma, normal bədən kütlə indeksi və fiziki fəaliyyətlə qarşısının alına biləcəyini vurğulayan ÜST, 15 növ xərçəngə səbəb olduğu bilinən siqaretdən uzaq durmağı tövsiyyə edir.

ÜST alkoqol qəbulunun azaldılmasının xərçəng riskini azaltmaqda da çox təsirli olduğunu qeyd edir və bildirir ki, sağlam qidalanma tərzini qorumaq və fiziki aktiv olmaq bir çox xərçəng növlərinin qarşısını almaq üçün kifayətdir.

Dünyada son illərdə daha çox yayılan dəri xərçənginin qarşısını almaq üçün intensiv günəş işığına məruz qalmamaq, mövsümdən asılı olmayaraq günəşdən qoruyucu kremlərdən istifadə etmək, mümkün qədər bədəni örtmək tövsiyə olunur.

ÜST-yə bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) dərc etdiyi son hesabata 2022-ci ilin məlumatları daxildir.

Hesabata görə, 2022-ci ildə təxminən 19,97 milyon yeni xərçəng hadisəsi qeydə alınıb ki, bunun da 10,31 milyonu kişilərdə, 9,66 milyonu isə qadınlarda qeydə alınıb.

Qadınlarda xəstəliyin ən çox rast gəlinən və ölümcül növü süd vəzi xərçəngidir. Onu kolorektal, ağciyər, servikal və tiroid vəzi xərçəngi izləyir. Kişilərdə isə ən çox ağciyər, prostat, kolorektal, mədə və qaraciyər xərçəngi aşkar edilib.

Ən çox ölümə səbəb olan xərçəng növü ağciyər xərçəngi olaraq qeydə alınıb. 2022-ci ildə 1,8 milyon insan ağciyər xərçəngindən, 900 min nəfər kolorektal xərçəngdən, 760 min nəfər qaraciyər xərçəngindən, 670 min nəfər isə süd vəzi xərçəngindən dünyasını dəyişib. Ağciyər xərçəngindən ölümlər xərçəngdən ölənlərin 18,7 faizini təşkil edib.

ÜST bildirir ki, erkən, dəqiq diaqnoz və müvafiq müalicə ilə bir çox xərçəng növlərində sağalma şansı yüksəkdir. /yeniavaz.com/