“Vahid cəbhə yaratmaq və bütün işləri əlaqələndirmək məqsədilə Voskepar kəndində “Ermənistan dövlətçiliyi naminə” koordinasiya qərargahı yaradılıb”.
Dunyaxeber.org xəbər verir ki, bu barədə qərargahın rəsmi məlumatında deyilir.
Məlumata görə, belə bir qərargahın yaradılması zərurəti Ermənistan hakimiyyətinin anti-dövlət siyasəti və onların Tavuş vilayətinin strateji əhəmiyyətli ərazilərini birtərəfli qaydada təslim etmək niyyəti ilə bağlı yaranıb.
Qeyd edək ki, Tavuşun kəndlərinin Azərbaycana qaytarılması məsələsi Ermənistanda ciddi fikir ayrılığına səbəb olub. Bölgədə yaşayan ermənilər Paşinyan hakimiyyətinin onları satdığını iddia edir. Siyasi müxalifət də bu kartdan Nikol iqtidarına qarşı istifadə edir. Hətta qanunsuz “Döyüş qardaşlığı” silahlı birləşməsinin üzvləri də vaxtaşırı Tavuş bölgəsində peyda olur. Onların kəndlərə girmək cəhdlərinin qarşısı erməni polisi tərəfindən dəfələrlə alınıb. Buna baxmayaraq birləşmə üzvləri işğaldakı kəndlərin Azərbaycana qaytarılmasına imkan verməyəcəklərini bildiriblər. Bu qanunsuz birləşmənin bəzi qüvvələrin əlində vasitə olduğu deyilir.
Azərbaycan isə işğal altında olan kəndlərin geri qaytarılması məsələsində güzəştsiz olduğunu bildirir. Rəsmi Bakının bu mövqeyi Ermənistan cəmiyyətində parçalanmanı və qorxunu artırır. /globalinfo.az/