Bakıda yaşayan Məcidovlar ailəsi “Baku Medical Plaza”dan və əvvəllər burada həkim işləyən Vüsal Mahmudovdan narazıdır.
AFN.az-a açıqlamasında Gülnarə Məcidova bildirib ki, oğlu Məcidov Əkbər 05/06/2021-ci ildə “Baku Medical Plaza”da Vüsal Mahmudov tərəfindən əməliyyat olunub: “Oğlumun ombası anadangəlmə çıxıq olub, serebral iflic idi. Əməliyyat tam uğursuz oldu, biz təkrar apardıq həkimə. Həkim dedi neynəmək olar, belə alındı. İndi də qalmışıq həkimlərdə. Uşağın 16 yaşı var, dediler 20 yaşında yenidən əməliyyat olunmalıdı. Yəni əməliyyat uğursuz olduğu üçün. Bizi də göndəriblər “Rəhimə atəş”də müalicə alır uşaq. Ora çox bahalı yerdir bizim üçün. Üç kurs fizioterapiya olub, amma daha tükənmişik, bundan sonraya imkan yoxdu. Həkim də deyir əgər bu prosedur olmasa, uşaq arabaya məhkum ola bilə.
Əməliyyat üçün Vüsal həkim bizdən 10 min manat istəyirdi, xahiş-minnətlə 8 minə razılaşdıq elədi. Amma əməliyyatın heç bir faydası olmadı, uşaq yenə müalicələrdədir. Vüsal həkimin yanına getdik əməliyyatdan sonra dəfələrlə, bizə sözü bu oldu ki, kənd adamısız, toyuq basdıranda altına 20 yumurta qoyursuz, hamısı çıxırmı? Bizə dedi güclü fizioterapiya lazımdır. Yönləndirdi “Rəhimə Atəş”ə, orda da prosedur çox bahadır. Bir neçə dəfə getdik, sonra çatdıra bilmədik. Mən xadimə işləyirəm, yoldaşım da veterandır, tikintidə fəhlə işləyir, kirayədə qalırıq, çatdıra bilmirik”.
“Baku Medical Plaza”dan bildirildi ki, V.Mahmudov artıq orda işləmir, ona görə də məsələyə münasibət bildirmək doğru olmaz.