“Brüssel görüşü siyasi avantüra idi” – RƏY + FOTO

Milli Məclisin deputatı Hikmət Məmmədov Brüsseldə aprelin 5-də keçirilən ABŞ-Aİ-Ermənistan görüşünü siyasi avantüra adlandırıb.

Deputat “Report”a açıqlamasında Ermənistanın sülhə qarşı siyasi avantürasının və təxribatlarının davam etdiyini xatırladıb:

“Ən son 5 aprel tarixində Brüssel şəhərində keçirilən üçtərəfli yarıməxfi görüş məhz bu avantüranın zirvə nöqtəsi idi və biz artıq postmüharibə dövrünü iki mərhələyə bölə bilərik. Birincisi, 5 aprelə qədər regionda mümkün sülh axtarışları dövrü, ikincisi isə 5 apreldən sonra Ermənistanın sülhə qarşı şiddətlənməsi və bu istiqamətdə ABŞ, Avropa Birliyinin bu ölkəyə siyasi, diplomatik, hətta hərbi yardım etməklə bağlı regiondakı vəziyyətin daha da gərginləşdirilməsi mərhələsi”.

O hesab edir ki, bu addım regional təhlükəsizliyin özünü təhlükəyə atan siyasətdir:

“Qərb açıq şəkildə bəyan edir ki, biz Ermənistanı gücləndirəcəyik. Düzdür, bunu daha çox iqtisadi müstəvidə edəcəklərini desələr də, bütün hallarda iqtisadi dirçəliş nəticə etibarilə həm də hərbi gücə gətirib çıxarır. “Politico” nəşrinin yazdığına görə, baş nazir Paşinyan Avropadan olan havadarları ilə görüşü zamanı Azərbaycanın hansı silahlara malik olması barədə də “tərəfdaş”larını məlumatlandırıb. Azərbaycanın sahib olduğu silahlara bərabər silahlar əldə etməklə rəsmi Bakı ilə müqayisədə güc əldə etmək üçün sözügedən məsələ gündəmə gətirilib. Görünür, avropalı tərəfdaşları da Paşinyanı dəstəkləyiblər”.

H.Məmmədovun sözlərinə görə, atılan addımlardan görünür ki, bəzi hallarda Ermənistanı Gürcüstan üzərindən dənizə çıxarmaqla onu Qara Dəniz ölkəsinə çevirməyə də cəhd edirlər:

“Belə ki, Gürcüstan ərazisinin Cavaxetiya əyalətində separatçılığın alovlanması məsələsi də bununla əlaqədardır. Amma hesab edirəm ki, tarix nəticə çıxarmaq üçün ən yaxşı dərslikdir. Yaxşı olar ki, ermənilər bu dərsliyə bir də nəzər salsınlar. Azərbaycan əsla sülh çağırışından geri durmayacaq”.

Mənbə