Bu gün Xalq artisti, aktyor Kazım Abdullayevin 71 yaşı tamam olur. O, bir çox teatrda yaddaqalan rollar yaradıb, “Arvadım mənim, uşaqlarım mənim” (“Şamil”), “İsmayıl bəyin mücrüsü” (“Ata”), “Qorxma, mən səninləyəm” (“Məmməd”), “Atları yəhərləyin” (“Qurd Kərim”), “Alman klinikasına qeyri-rəsmi səfər” (“Qafarov”) kimi bir sıra filmlərdə və televiziya tamaşalarında (“Bəsdir, ağlama” (“Vartan”), “Ünvansız qız” (“Sərraf”) iştirak edib. 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2019-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2022-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.
“Report” doğum günündə aktyorla həmsöhbət olub:
– 71 yaşlı Kazım müəllim özünü necə hiss edir?
– Şükür ki, yaxşıyam. Ürəyimdən əməliyyat olunmasaydım, daha yaxşı olardım. Bir işdir, oldu. Hərdən təngnəfəslik olur, amma ümumən pis deyiləm. Hələ ki özüm durur, yatır, yeriyə bilirəm. Bunun özü belə yaxşıdır.
– Bu illər ərzində unutmadığınız ad günü olub?
– 70 illiyimdə rəhmətlik Azərpaşa Nemətov kollektivi toplayıb məni təmtəraqlı şəkildə təbrik etdi. Amma təəssüf ki, üç gün sonra dünyasını dəyişdi. Ona görə o təbrik heç yadımdan çıxmır. Ondan əvvəl isə 60 illiyimdə işlədiyim teatr kollektivi ilə yubiley keçirdim. Həmin mərasimi uşaqlar da indiyə qədər yada salırlar. Deyirlər ki, yaddaqalan ad günü idi…
– Belə başa düşürəm ki, ən unudulmaz təbrikləriniz də teatrla bağlıdır.
– Əlbəttə, mən ömrümü teatra bağlamışam. Ümumilikdə götürsək, artıq 55 ildən çoxdur ki, səhnədəyəm.
– Nə vaxtsa yorulub sənətdən getmək barəsində düşünmüsünüz?
– Yox, olmayıb. (bir az fikirləşir) Qoy yaxşı düşünüm, birdən olar. (gülür) Arada bir dəfə olub. Sumqayıt Dövlət Dram Teatrında işləyəndə müdirlə bir münaqişəm oldu. Ondan sonra ayrılmaq qərarı verdim, çıxıb Moskvaya getdim. Üç-dörd ay orada qaldım, sonra gördüm ki, yox, mənlik deyil, Bakısız, səhnəsiz qala bilmirəm. Bakıya qayıtdım və yenidən Sumqayıt Dövlət Dram Teatrına döndüm. Onda artıq müdir də dəyişmişdi. Amma sonralar hər gün Sumqayıta gedib-gəlmək çətin oldu. Çünki Bakıda yaşayırdım. Uşaqlar da böyüdükləri üçün düşündüm ki, onlara da zaman ayırmaq lazımdır. Qərar verib oradan ayrıldım. Xalq artisti Amaliya Pənahova məni Bakı Bələdiyyə Teatrına dəvət etdi. Beləcə, orada işləməyə başladım. 10 il orada çalışdım.
– Deyilənlərə görə, Bakı Bələdiyyə Teatrından ayrıldığınıza görə Amaliya xanım sizdən incik düşüb.
– Hə, rəhmətlik ölənə qədər məni bağışlamadı. Bilirsiniz, hərdən aktyor görür ki, bu səhnə onun üçün darlıq edir. Artıq ora mənim üçün darlıq edirdi. Ona görə o teatrdan getməli idim. Oradan ayrılıb Akademik Milli Dram Teatrına müraciət etdim. Əliabbas (Qədirov) müəllim dedi ki, gəl. Səhər gələndə isə dedi ki, yerim yoxdur. Bildim ki, onu da Amaliya xanım edib.
– Bəs sonra Amaliya xanımla bu barədə söhbətiniz oldu?
– Yox, üzünə vurmadım. Dedim, eybi yox. Amaliya xanım düz iki il mənə teatra qayıtmağım üçün zəng etdirdi. Amma qayıtmadım, çünki ondan incimişdim.
– Sizi incik salan nə idi?
– Qoy qalsın, açmayaq o söhbəti.
– Söhbət açılıb, məncə, danışmağımız yerinə düşər.
– Həmin dövrdə mən İran studiyasının çəkdiyi dini filmlərin dublyajında iştirak etmişdim. İranın Mədəniyyət Nazirliyi bu prosesdə iştirak edənləri gəzmək üçün təxminən 15 günlük ölkələrinə istirahətə dəvət etmişdi. Məşhəddə, Təbrizdə, Qumda olduq. Məşhəddən sonra mən gəlib içkini tərgitdim. Amma kollektivdə içirdilər. İnsan bir az ayıq olanda hər şeyi yaxşı görür axı. Mən hərdən uşaqlara deyirdim ki, az için, ya da bunu belə etməyin. Bu isə Amaliya xanımın xoşuna gəlmirdi. Deyirdi ki, sən niyə mənim kollektivimə qarışırsan, nə lazım olsa, mən özüm deyərəm. Bir dəfə, iki dəfə, axırda dedim, sizinki sizdə, mənimki məndə. Mən gedəsi oldum. Belə. Bunu da indiyə qədər heç kəsə deməmişəm. İndi sizin üçün danışdım. Oradan ayrılandan sonra iki il işsiz qaldım.
– Bəs sizin üçün çətin olmadı?
– Düzdür, iki il əziyyət çəkdim. Maaş almasam da, teatrda işləyirdim. Gəlirim isə demək olar ki, sadəcə, Azərbaycan televiziyasında dublyaj etdiyim filmlərdən idi. Amma sənətimdən ayrılmadım. Cüzi məbləğ alsam da, teatrdan uzaqlaşmadım. Nəhayət, özümü göstərə bildim. Çünki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çox qəliz bir kollektiv var idi. Oraya daxil olmaq, qalmaq və rollar oynamaq bir az çətin idi. Amma sonra heç özüm də bilmədən bir də gördüm ki, artıq kollektivin içərisindəyəm. Məni çox rahat qəbul etdilər. Teatrda 12 ildə 40-a yaxın rol oynadım.
– Sərt görünüşünüzə görə daha çox mənfi obrazlar canlandırmısınız. Ancaq buna baxmayaraq, tamaşaçı sizi sevib, sizcə, bu sevginin təməlində nə dayanır?
– Səmimiyyət. Çünki mən nə iş görürəmsə, səmimi görürəm və həyatda aktyor deyiləm, ancaq səhnədə aktyoram.
– İki dəfə erməni obrazını canlandırmısınız, oynadığınız rollara görə həyatda mənfi reaksiya ilə qarşılaşmısınız?
– Yox, amma kinoteatrda film gedə-gedə tamaşaçı məni yaxşıca söyüb. Təbii ki, bu mənə yox, obraza aid idi. Bəzən bəzi aktyorlar özləri ilə bağlı mif yaratmaq istəyirlər. Guya hansısa obraza görə başına nəsə gəlib. Tamaşaçı başa düşür ki, o, kinodur.
– Bəs “Fəryad” filmində erməni obrazına niyə çəkilmədiniz?
– Bilmirəm, istəmədim. Rəhmətlik Ceyhun (Mirzəyev) məni dəvət edəndə imtina etdim. Amma bilsəydim ki, bu onun sonuncu filmidir, razılaşardım.
– Səhnədə çətin vəziyyətdə qalmağınız çox olub?
– Olub. Cavanlıqda çox olub. İndi aktyoruq, robot deyilik ki?! Birdən səs batır, səsin çıxmır. Bir də görürsən, sözdür, ağlından silindi. Nə qədər etsən də, yada düşmür. Onda çox pis vəziyyətə düşürsən, əgər tərəf-müqabilin peşəkardırsa, kömək edib səni vəziyyətdən çıxarır.
– Müsahibələrinizin birində demisiniz ki, pis rejissor olmaqdansa, yaxşı aktyor olmaq daha yaxşıdır. Hazırda bu sektorda pis rejissorlar çoxdur?
– Mən ANS TV-də işləyəndə dedilər ki, gəl sənə serial verək, rejissor kimi çək. Dedim ki, bu, mənim işim deyil. Çünki hərənin öz işi var. Bəlkə də, başqası olsa idi, o dəqiqə deyərdi ki, çəkim. Çünki maddi cəhətdən uyğun idi, yaxşı pul alacaqdı. Amma məndə elə şey yoxdur. Ona görə ki, insan öz işini görməyəndə aləm bir-birinə dəyir.
– Bəs sırf pula görə hansısa rol təklifini qəbul etmisiniz?
– Bizim işimiz budur da, əslində. Çəkməçi çəkmə düzəldib pul qazanır, biz də rol oynayaraq. Bir dəfə mənə reklam çəkilişi üçün müraciət etdilər. Mən reklamda çəkilməyi xoşlamıram. Çünki aktyor ekranda nə qədər az görünsə, o qədər maraq doğurur, nəinki səhər-axşam üzünü görəndə. Reklam çəkilişinə dəvət olunanda dedim, istəmirəm. Üç-dörd dəfə ard-arda zəng etdilər. Sonda dedim, bilirsiniz, nə var, filan qədər pul verin, gəlib çəkilərəm. Dedilər, veririk. İstədiyim pulu verdilər, çəkildim.
– Sizcə, bu sahədə sizi sevməyənlər çoxdur?
– Əlbəttə, var. Nə qədər çalışsan da, olmur. Amma həmişə çalışmışam ki, ətrafımda mənə hörmət edən insanlar olsun, münasibətlər qarşılıqlı hörmət çərçivəsində qurulsun. Çünki kiminləsə münasibətin yaxşı deyilsə, bu səhnədə həmin an hiss olunur. Bir-iki nəfər var, aram yoxdur. Son illərdə harasa çağırılanda deyirəm ki, bəs filankəs yoxdursa, gəlirəm, əgər varsa, getmirəm.
– Xeyli sayda filmin dublyajında iştirak etmisiniz. Xarici ölkədə hansısa Hollivud ulduzunu səsləndirmək üçün xüsusi səslər var və ehtiyac yaranan kimi həmin obraz üçün o səsi axtarırlar. Bizdə necədir, hansı səsin dublyajı üçün məhz sizi axtarırlar?
– Bizdə indi o praktika yoxdur, əvvəllər olub. İndi dublyajda yeddi-səkkiz nəfər var, bütün kanallarda həmin adamlar səsləndirir. Üç-dörd il əvvəl bəzi obrazlar var idi ki, bəli, obraz üçün məhz məni dəvət edirdilər. Hind aktyoru Amitabh Baççanı, Hollivud aktyoru Silvestr Stalloneni səsləndirmişəm. Hətta çox vaxt səsim gələn kimi deyirdilər ki, “Rembo”. Sonra özüm bir müddət dublyajdan aralandım. Bir dəfə məni televiziyaya ikiseriyalı hind filmində rolu səsləndirməyə dəvət etmişdilər. Haradasa beş-altı obrazı səsləndirməli idim. Bunun üçün də məcburuq ki, səsimizi dəyişək ki, oxşar olmasın. Sonra gəldim maaş almağa, gördüm, 25 manat pul yazıblar. İkiseriyalı 3 saatlıq film idi. Bütün günümü sərf etmişəm. Dedilər, bizdə belədir. Onda bir az incidim. Təxminən üç il dublyaja getmədim.
Bir neçə gənc neçə il idi ki, dublyaj studiyası açmaq istəyirdi. Dedilər, gəlin kömək edin. Həmişə cavanlara dəstək verməyə hazıram. Getdim. Hərdən, ayda bir-iki dəfə çağırırlar, gedib yazıram. Amma belə, ümumən dublyaj mənə maddi cəhətdən çox kömək edib. Bayaq da dediyim kimi, vaxtı ilə işsiz qaldığım iki il ərzində dublyajdan dolanmışam. Sualınıza uyğun olaraq yadıma düşdü, iki il əvvəl “Ezel” serialına “Ramiz” obrazı üçün dedilər, bunu siz yazın. O obrazın səsi xırıltılı idi. Çox təəssüf ki, serialın ortasında koronavirusa yoluxdum. Haradasa 20-30 seriyanı mən səsləndirmişdim, sağalıb qayıtdım, ardını da etdim. O kişini də aktyor kimi sox sevirdim, obraz da çox xoşuma gəlirdi. Hətta orada elə səhnə var ki, qəhrəmanın həyat yoldaşı ölür, o səhnəni yaza-yaza ağlayırdım. Belə sərt göründüyümə baxmayın, ürəyim yumşaqdır. (gülür)
– Məşhur “Həzrəti Yusif” serialının da dublyajında iştirak etmişiniz.
– Bəli, kahinlərdən birini dublyaj etmişəm. Roldan sonra bəzi yoldaşlar dedilər ki, sən daha səsləndirmə, bu əladır, bundan o yana yoxdur. Dedim, bundan da yaxşıları olacaq. Çox yaddaqalan obraz yaranmışdı orada. Ümumiyyətlə, o serialın dublyajı bizdə çox gözəl alınmışdı. Mən türklərdə də baxmışdım, amma bizimkinə çata bilməzdi.
– Bu gün ən böyük qorxunuz nədir?
– Sənətdə lazımsız olmaqdan qorxuram. Qorxuram ki, birdən-birə teatra, kinoya, dublyaja gərəksiz olaram. Hər halda yaş da az deyil, hərdən fikirləşirəm ki, bəlkə, bəsdir, çıxım gedim. Sonra görürəm ki, hələ tezdir. Hələ oynamaq, işləmək istəyirəm. Ona görə də hara dəvət edirlər, o dəqiqə gedirəm. Düşünürəm ki, son nəfəslərdir. Bilmək olmaz Hamısıah nə qədər ömür verib…
– Bu yaşınızda hansı arzunuzun reallaşmasını istəyirsiniz?
– Biz aktyorlar rejissorlardan asılı adamlarıq. Çox istəyərəm ki, tarixi bir filmdə çəkilim.
– Konkret bir obraz var ağlınızda?
– Məhz bir obraz yoxdur, döyüşçü, tarixi obraz olmasını çox istəyərəm. Bilmirəm, bəlkə, onun da vaxtı keçib. (gülür) Amma bəli, tarixi obrazı oynayacağım bir filmin olmasını çox istərdim. Hələ ki ən çox bu arzumun reallaşmasını istəyirəm.