“4.04 körpələri”: “Ana tərəfindən cahillik, nadanlıq, həkim tərəfindən şərəfsizlikdir” – FOTO

Aprelin 4-də Bakının bir çox doğum evlərində, bir növ, “sıxlıq” yaşanıb.

Oxu.Az-n məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə edilən paylaşımlardan birində deyilir ki, hətta bir klinikada eyni zamanda on valideyn körpələrinin məhz 4.04.2024 tarixində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilməsini həkimlərdən tələb edib.

Bəs bu tarixlərdə doğum etməyin hansısa özəlliyi varmı? Valideynlər bu istəkləri ilə gələcək körpələrini hansı təhlükəyə atırlar?

Məsələ ilə əlaqədar həkim-ginekoloq Rəşad Sultan Oxu.Az-a açıqlamasında bu cür halların həmkarlarının yaralı yeri olduğunu vurğulayıb:

“Mənim pasiyentlərim arasında bu tarix üçün planlı şəkildə baş vuran olmadı, təkcə bir nəfər – 35 həftəlik pasiyentimin həmin gün təsadüfən suyu gəldi deyə qeysəriyyə əməliyyatı baş tutdu.

Ümumilikdə, bu “xüsusi” tarixlər ginekoloqların yaralı yeridir. Bəzi insanlar elmi əsası olan, onların həyatına təsir edən, mahiyyətcə önəmli olan məsələləri bir kənara qoyub, belə əhəmiyyətsiz işlərlə məşğuldurlar”.

Həkimin sözlərinə görə, qeysəriyyə əməliyyatları Səhiyyə Nazirliyinin protokollarına müvafiq olaraq, dölün yetişdiyi vaxta uyğun planlı şəkildə edilir:

“Lakin tarix sırf 4.04.24 olsun deyə döl yetişməmiş vaxtından qabaq doğuş səbəbi olmaq ana tərəfindən cahillik, nadanlıq, həkim tərəfindən şərəfsizlikdir. Ana savadsız ola bilər, bəs həkimə nə gəlib? Düşünürəm ki, bu artıq savadsızlığın son nöqtəsidir.

Mənə də müraciətlər olur ki, vaxtından qabaq doğuş edin, elmi əsası olmayan işlər görün və s. Bundan başqa, bəzi həkimlərin pasiyentlərinin görüntülərini sosial şəbəkədə paylaşmağını da qəbul edə bilmirəm. Burada, bəlkə, üç-beş manat itirirsən, lakin həkim kimi həyat və peşə prinsiplərinə sadiq qalmalısan.

Hətta doğum tarixini saxtalaşdırmağa çalışanlar da var. Məsələn, uşaq ayın 3-ü saat 23:30-da normal doğuşla dünyaya gəlib. Ana dəridən-qabıqdan çıxır ki, 4-cü ayın 4-nə yaza bilərsiniz? Qohumları gəlir, təzyiq göstərməyə çalışırlar. Deyirəm, nə fərqi var ki? Onsuz da, ayın 4-ü yazılsa da, bu körpə faktiki olaraq ayın 3-də doğulub. Hamımız bilirik, siz də, mən də.

Belə qənaət yaranır ki, insanlar özlərini və başqalarını aldatmağa meyillidirlər”.

Həkim-ginekoloq Təranə Həsənova da qeyd edir ki, aprelin 3-ü və 4-də gerçəkləşən doğuşların sayında kəskin fərq var:

“Yəni 4.04.2024 tarixində əvvəlki günlərə nisbətən daha çox uşaq dünyaya gəlib. Bu istəyin arxasında, ilk növbədə, özünü göstərmək həvəsi dura bilər. Mənə də iki pasiyent müraciət etmişdi, hər ikisinə yox cavabı verdim. Çünki onların heç birində doqquz ay tamam olmamışdı.

Bildirdim ki, tez doğulan uşaqlarda ciyərlər açılmır və sonra səhhətlərində ciddi problemlər yaranır.

Mən belə günlər uğrunda mübarizə aparan bütün pasiyentlərimə bunun düzgün olmadığını izah edirəm. Bu, demək olar ki, hər il baş verir. Keçən il də, 3.03.23 tarixində belə müraciətlər var idi, düşünürəm ki, gələn il də, yəni 5.05.25 tarixində eyni hal yaşanacaq.

Əgər söhbət uşağın sağlamlığından gedirsə, bu cür istəkləri yerinə yetirmək heç cür düzgün deyil”.

Alidə Məmmədova

Mənbə