Deputat: “Torpağa qayğının azalması bahalaşmaya səbəb ola bilər” – ŞƏRH + FOTO

Qanunvericilikdə qeyd olunub ki, torpağı icarəyə götürdükdən sonra üç il əkib-becərmirsənsə, səndən alınıb başqasına verilməlidir. Amma faktiki olaraq, heç kimin pay torpağı əlindən alınmır. Ünvanlı sosial yardım üçün müraciət edəndə kiminsə adında pay torpağı olduğuna görə müavinətdən məhrum edilir. 

Bəs görəsən, bu qayda hansı şəkildə tənzimlənməlidir? Pay torpaqları təyinatı üzrə istifadə edilmədikdə niyə alınmır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayevin sözlərinə görə, icarəyə verilən torpaqlar əgər uzun müddət istifadəsiz qalarsa, alınıb digər adamlara icarəyə verməlidir:

“Torpaq mütləq əkilib becərilməlidir. Torpaq əgər şumlanmırsa və becərilmirsə, o öz keyfiyyətini, məhsuldarlığını itirir. İstər icarəyə verilən, istərsə də verilməyən pay torpaqlarında mütləq əkin-biçin aparılmalıdır. Bu müəyyən qanunvericiliklə tənzimlənir. Və icarəyə verilən torpaqlar əgər uzun müddət istifadəsiz qalarsa, alınıb digər adamlara icarəyə verilməlidir.

Pay torpaqları mülkiyyətdədirsə, insanlara verilibsə, onların buna ehtiyacı varsa, mütləq orada əkin və becərmə işləri aparılmalıdır. Torpaqdan müəyyən miqdarda məhsul götürülməlidir. Ünvanlı sosial yardımın verilməsində də bu şərtlərin qoyulması pay torpağı olan adamlara sosial yardımın şamil edilməməsi torpağın əkilib, becərilməməsinə göstərilən qayğıdan irəli gəlir”.

T.Rzayev qeyd edib ki, vətəndaş işləmək istəmir:

“Pay torpağın varsa, sən orada işləməlisən. Ancaq elə insanlar var ki, öhdəsində 3-5 hektar torpağı var. O, sosial yardım almaq arzusundadır. Həmin torpağı əkib becərərsə, bu yardımdan çox qazanc əldə edə bilər, lakin, təəssüf olsun ki, işləmək istəmir. Ona görə, belə məhdudiyyətlər qoyulub.

Ola bilər ki, vətəndaş işləmək istəmir. Onun əkib və becərmək məqsədi yoxdur. Pay torpağı xüsusi mülkiyyətidir. Sata və başqasına bağışlaya bilər. Belə olan halda onun adından çıxarılır. Qanunvericiliyə uyğun olaraq ünvanlı sosial yardım ilə təmin edilə bilər”.

Deputat əlavə edib ki, torpağa qayğının azalması bahalaşmaya səbəb ola bilər:

“Torpaqları əkib-becərmək daha faydalıdır. Çünki torpağa qayğının azalması bahalaşmaya səbəb ola bilər. Kənd təsərrüfatı məhsullarını əldə etməkdə çətinlik yaranar. Kənddə hazırda müəyyən ərazilərdə heyvan saxlamaq, quş bəsləmək və məhsul yetişdirmək sanki dəbdən düşüb.

İnsanlar nədənsə hər bir şey üçün mağazalara üz tuturlar. Çox təəssüf ki, kəndli bu gün həyətində və torpağında işləmək və əkib-becərmək fikrində deyil. Bu, düşündürücü haldır. Kəndçinin ev təsərrüfatı və əkin sahəsi varsa, əkin sahəsi ilə məşğul olmalıdır. Öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün təsərrüfatını inkişaf etdirməlidir”.

Qeyd edək ki, bu cür məsələlər ölkəmizdə Torpaq Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 73-cü maddəsi “Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları” adlanır və bu maddədə yuxarıdakı hallar öz əksini tapıb.

“Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:

Torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan bir il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən bir il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə xitam verilir”.

Nəzrin Vahid

Mənbə