İranın Dəməşqdəki səfirliyinin yaxınlığında konsulluq binasının aviazərbə ilə hədəfə alınması nəticəsində SEPAH-ın yüksəkrütbəli zabitləri həlak olublar.
Zərbələrin İsrail tərəfindən endirildiyi şübhə doğurmur və Təl-Əviv budəfəki əməliyyatlarla SEPAH-ın Qüds Qüvvələrinin iki generalının – Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi – həyatına son qoymağa müvəffəq olub.
Bundan başqa, SEPAH-ın daha beş zabiti də aviazərbələrin qurbanına çevrilib.
Hərçənd ki, dəfələrlə İran hədəflərini vuran İsrail yenə adi praktikasına uyğun olaraq, insidentlə əlaqədar şərh verməkdən imtina edir.
Zahedi karyerası boyu bir neçə əsas vəzifədə çalışıb. O, İranın təhlükəsizlik strukturunda yüksək nüfuza malik və yaxşı əlaqələri olan bir şəxs idi.
Zahedi ən son olaraq Livan, İordaniya, Suriya və Fələstin ərazilərindəki əməliyyatlara nəzarət etməkdən məsul olan SEPAH Qüds Qüvvələri bölməsinə komandanlıq edib.
Məhəmməd Rza Zahedi
Demək olar ki, Zahedi buna görə də İran və onun “müqavimət oxu”nu HƏMAS-İsrail müharibəsi başlayandan bəri Vaşinqton və Təl-Əvivə qarşı idarə etməkdə mühüm rol oynayıb. Digər general Hacı Rəhimi isə Zahedinin müavini idi.
Sağdakı – general Məhəmməd Hadi Hacı Rəhimidir
Qəzzada ötən ilin oktyabrından başlayan genişmiqyaslı müharibədə İranın oynadığı rol İsrailin səbrini daşırıb. Elə həmin zamandan etibarən İsrail İranın regiondakı logistika və təchizat kanalları, onların kuratorlarını intensiv olaraq hədəf taxtasına yerləşdirib.
Çünki İran Suriya ərazisindən Livandakı müqavimət oxunu koordinasiya edir və “Hizbullah”ın İsrailə hücumları üçün təchizat marşrutları ilə silahlar çatdırır.
SEPAH-ın Livana daşınması üçün Suriyadakı logistika infrastrukturundan istifadə etməsi İsrailin bir sıra kəşfiyyat məlumatlarına çıxışına ehtiyac yaradırdı.
Ona görə ki, İran Qəzzanın şimal arenasındakı döyüşlərdən istifadə edərək İsrailin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün yollar axtarırdı.
Qəzzadan şimalda yerləşən arena “Hizbullah”ın Livandan İsrailə hücum səylərini təşviq edir. Bu səylərə SEPAH-ın Qüds Qüvvələri, onun logistika və texnoloji bölmələri rəhbərlik edir. İranın “Hizbullah” təşkilatına cəlb etdiyi əməliyyatçılarla yanaşı, bu səyləri dəstəkləmək üçün qüvvələrin yardım bölmələrindən olan təlimatçı qruplar Livana göndərilir.
İran bununla hesablayır ki, İsrailin hava hücumundan müdafiə sistemlərində zəif tərəflər yarada biləcək və rəqibinin dayanıqlı mühafizəsini təmin edən qurğuları məhv edəcək.
Bunun üçün İran kiberəməliyyatlardan tutmuş proksi qüvvələrdən istifadəyə qədər kompleks tədbirlər hazırlamışdı, lakin İsrailin kəşfiyyat sahəsindəki hissetmə qabiliyyəti Tehranın planlarını puça çıxardı.
Beləliklə, İsrail İranın Suriya-Livan oxundakı təhdidlərini tədrici “ölümə məhkum” etmək üçün Dəməşqdən idarə olunan qərargahları hədəf seçdi.
İsrailin Dəməşqdəki əməliyyat mərkəzlərinə sonuncu hücumu isə İranın xəyal etdiyi unikal və eksklüziv imkanlara çıxışını məhdudlaşdırır.
Bundan sonra İsrail Qüds Qüvvələrinin təlimatları ilə texnoloji müstəvidə birləşən xətləri də zədələməkdən ötrü yeni əməliyyatlara ehtiyac duya bilər. İrana gəlincə, o, “Hizbullah” vasitəsilə İsrailə hücum kampaniyasını davam etdirmək imkanına malik olsa da, bu, o qədər də effekt vermir.
Ona görə də İran başqa cavab variantları axtarır, məsələn, İsrailin xaricdəki diplomatik və siyasi əməliyyatlarına qarşı alternativlər arayır.
Bu axtarışların kompleks şəkildə İrana fayda gətirəcəyinin özü də şübhəlidir, çünki Təl-Əviv kəşfiyyat məlumatları əsasında Tehranın planlarından tez duyuq düşür.
Lakin İran və onun proksi qruplardan ibarət müqavimət hərəkatları iki generalın öldürülməsinə cavab olaraq qarşıdakı həftələrdə ABŞ və ya İsrail hədəflərinə hücum edə bilərlər.
Aqşin Kərimov