TƏBİB: “Bakıda binada baş verən yanğında 15 nəfər xəsarət alıb” – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda yaşayış binasında baş verən yanğında 15 nəfər xəsarət alıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayıb.

Məlumata görə, 31.03.2024-cü il tarixində saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, bir nəfərə isə yerində tibbi yardım göstərilib.

22:01

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

21:41

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, artıq Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişmədə, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.

 

Mənbə