Caz musiqisinə böyük həvəsi ailədən gələn musiqiçi istedadı ilə birgə hələ uşaqlıqdan həyat yolunu müəyyən etmişdi. Ötən əsrin 60-70-cı illəri məhz görkəmli musiqiçi, bəstəkar, Xalq artisti Rafiq Babayevin caz töhfələri ilə səsini bütün dünyaya yayıb. O, Azərbaycan musiqi mühitinə yeni nəfəs, fərqli baxış gətirib. Milli musiqi zəminində Qərb və Şərq musiqi ənənələrinin sintezini yaradıb, muğam və xalq melodiyalarını caz ritmləri üstündə uğurla təqdim edib. Rafiq Babayevin əsərləri, melodiyaları millətindən, dinindən asılı olmayaraq, bütün insanları birləşdirib.
Təəssüf ki, novator bəstəkar 1994-cü il martın 19-da – 30 il əvvəl ermənilər tərəfindən Bakı metrosunda törədilən terrorun qurbanı oldu. Rafiq Babayev sanki əcəlin amansız oyununu duyubmuş kimi ölümündən bir il əvvəl çəkilən “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyasını özü ifa etmişdi. “Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan”, – deyə oxuyan görkəmli bəstəkarın həyatı ömrünün ən gözəl çağında – 57 yaşında qırıldı…
31 mart Rafiq Babayevin doğum günüdür.
Bu gün əzizləri və sənət yoldaşları Rafiq Babayevi böyük hərflərlə yazılan İNSAN və MAESTRO deyə xatırlayır, onu milli cazın korifeyi adlandırırlar.
Sənət yoldaşları R.Babayev barədə fikirlərini “Kaspi” qəzeti ilə bölüşüblər.
“Bütün həyatını musiqiyə həsr etmişdi”
Rafiq Babayevin qızı Fərizə Babayeva atası haqqında danışır: “Atamın həyatı asan olmayıb. Onun atası Fərzi Babayev 1937-ci ildə repressiya olunub. Nənəm Şahbəyim 6 övladını çətinliklə böyüdüb. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınıb”. Fərizə xanım danışır ki, atası bütün günü işlədiyindən onun və bacısının tərbiyəsi ilə anası ilə nənəsi məşğul olub: “Atam evdə də işləyirdi. Ona görə də bizi anamla nənəm tərbiyə edirdi. Atam nənəm üçün çox əziz idi. Ona görə də bizim yanımızda yaşayırdı. Nənəm atamın qoruyucu mələyi idi. O, atamdan bir il sonra dünyasını dəyişdi. Atam özünün caz-instrumental qrupu ilə tez-tez qastrollara çıxırdı. Bəzən səfərləri 2-3 ay çəkirdi. ABŞ-yə qastrolu isə 10 ay davam etmişdi. Biz balaca idik və onun yolunu gözləyirdik”.
F.Babayeva xatırlayır ki, Rafiq Babayev təbiət etibarilə sakit və səmimi insan olub: “Atam bütün həyatını musiqiyə həsr etmişdi. O, işdən qayıdandan sonra da evdə işləyirdi. Demək olar ki, səhərdən axşama qədər çalışırdı. Evimizdə həmişə sakitlik olardı. Mən heç vaxt evimizdə mübahisə, dava-dalaş görməmişdim. Atamın səsini yüksəkdən eşitməzdim. Mən özüm ailə qurandan sonra anamdan “siz nə vaxtsa mübahisə etmisiniz?” – deyə soruşurdum. Anam da musiqişünasdır. Bəlkə buna görə onlar bir-birinin dilini yaxşı başa düşürdülər. Mən və bacım da nəsil ənənəsini davam etdirdik – musiqiçi olduq”.
Rafiq Babayev qastrollardan Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olub və Mahnı Teatrında çalışmağa başlayıb: “1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edildi. Atamla Rəşid Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başladılar. Atam bu tamaşanın səhnəyə qoyulması üçün böyük işlər görmüşdü. Eyni zamanda, caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, festivallarda iştirak edirdi. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında atamın ansamblı laureat oldu. Atam yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmirdi. O, daim sənət axtarışında idi”.
“Onun tutduğu yol ayrı idi”
Xalq artisti Mübariz Tağıyev xatırlayır: “Rafiq Babayevlə tanışlığım 70-ci illərə təsadüf edir. O vaxt Qərbi Azərbaycanda işləyirdim. Tbilisidə caz musiqisi ilə bağlı bir tədbir keçirilirdi. Biz həmin tədbirdə görüşdük. Vaqif Mustafazadə də həmin tədbirdə iştirak edirdi. İllər keçdi, elə alındı ki, mənim Bakıya gəlməyimin səbəbkarı da Rafiq Babayev oldu. Teleqram gəldi və mən Mahnı Teatrına dəvət olundum. O vaxta qədər teatrın rəhbəri Rəşid Behbudovla tanışlığım yox idi. Rəşid Behbudov dahi bir insan idi. Rafiq Babayev kimi musiqiçilərin o teatrda çalışması həmin mühiti daha da mükəmməl edirdi. O vaxt Mahnı Teatrı ayrıca bir akademiya idi. Rafiq teatrın musiqi rəhbəri idi. Bütün aranjemanları birlikdə edirdik.
Münasibətimiz get-gedə yaxın dostluğa çevrildi. Onun yazdığı mahnıların əksəriyyətini mən oxumuşam. Birlikdə qastrol səfərlərində olmuşuq. İndi onun yeri görünür. O, təkcə böyük sənətkar deyildi, həm də böyük insan idi. Rafiq sənətdə zirvə idi, həm də səmimi, dostcanlı insan idi. Rafiq Babayevin qoyduğu məktəb hamımız üçün bir örnək oldu. O, bizi ayrı bir istiqamətə apardı. Biz pul qazanmalı idik, amma onun tutduğu yol ayrı idi – peşəkar sənət yolu idi. O, bizi bu istiqamətə apardı. Rafiq Babayevlə çalışdığım illər həyatımda ayrıca bir səhifədir”.
“O, səviyyəni qorumağa çalışırıq”
Xalq artisti, tanınmış caz bəstəkarı Salman Qənbərov deyir ki, hər il martın sonlarında Rafiq Babayevin xatirəsinə həsr olunan konsert proqramı təşkil edirlər:
“Rafiq Babayevlə xüsusi tanışlığım yox idi, amma dostlarım onun ansamblında işləyirdi. Onların konsertlərini buraxmamağa çalışırdım. Çünki o konsertlər çox səviyyəli idi və biz çox şey öyrənirdik. Rafiq Babayevin adı həmişə musiqiçilərin yaddaşındadır. Bizim nəslimiz, indiki gənclər onun melodiyalara yanaşma təcrübəsindən həmişə öyrənib və bunu inkişaf etdirməyə çalışıb. Biz hər il onun xatirəsinə həsr olunan konsertlər, yubiley gecələri keçiririk. Rafiq Babayevin bizə yadigar qoyduğu musiqi ənənəsini olduğu kimi davam etdirməyə və o səviyyəni aşağı salmamağa çalışırıq”.