Rusiyada “Crocus City Hall”da törədilən terror aktı bu mövzunu yenidən gündəmə gətirib. Hazırda bir çox dövlətlər belə qanlı hadisələrdən sonra təşviş içərisindədirlər. Əslində hər zaman terrorizm dünya üçün dəhşətli olub. Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır. Baxmayaraq ki, bu gün heç bir ölkə terrordan sığortalanmayıb, ancaq təəssüflə qeyd etməliyik ki, terrora, separatizmə birbaşa və yaxud dolayısı ilə dəstək verən qüvvələr var.
Hazırda dünyanın xeyli hissəsi sabitlik və terror dilemması qarşısında qalıb desək yanılmarıq. Hətta bəzi qüvvələr siyasi və hegemon maraqları naminə yüzlərlə, minlərlə dinc insanın qətlinə bais olaraq bu cinayət prosesində yaxından iştirak edirlər.
Açı reallıqdır ki, terrorizmə fərqli münasibət olub. Vaxtılə işğal dövründə Qarabağda və ümumilikdə Ermənistanda, həmçinin Yaxın Şərqdə mövcud olan terror şəbəkələrinə münasibətdə ABŞ-la Rusiyanın mövqeyləri üs-üstə düşürdü. Hətta o zaman ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə dövlət yardımları ayırırdı. Həmin vəsaitlər humanitar dəstək adı altında terrorda birbaşa rolu və iştirakı olan rejim başçılarına çatdırılırdı.
Nəhayət Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində böyük terror şəbəkəsinin belini qırdı. Bu qalibiyyət yalnız tarixi torpaqlarımızın azad olunması deyil, həmçinin kök salmış dünyanın bir çox ölkələrindən dəstək alan erməni terror şəbəkəsinin belinin qırılması deməkdir. Amma bu gün heç kim zəmanət verə bilməz ki, həmin şəbəkə yenidən ortalığa çıxmayacaq.
Taleyin hökmüdür, hansısa məntiqi proseslərin nəticəsidir onu demək çətindir. Amma bir zəruri məqam ortadadır ki, terrora bütün vasitələrlə dəstək olan supergüclər, ABŞ və Rusiya özləri müxtəlif zaman kəsiyində qanlı hadisələrin qurbanına çevriliblər. 2001-ci il 11 sentyabrda ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları, ötən həftə Rusiyada “Crocus City Hall”da törədilən qanlı hadisələr və digərləri bir daha sübut edir ki, heç bir ölkə terrorizmdən sığortalanmayıb. Terrorizmin və digər terrorçu qruplarında sonunu yaxınlaşdırmaq hələki real görünmür.
Bəs dünyanın belə çalxalanan vaxtında biz nə etməliyik?
Biz daha da güclü olmalıyıq. Təbliğatımızı daha innovativ üsullarla qurmalıyıq. Yalnız müəyyən dövr üçün deyil, hər zaman erməni məsələsini və ümumilikdə terrorizmi araşdıran, ermənişünaslıqla məşğul olan beyin mərkəzləri daha geniş fəaliyyət göstərməlidir. Aparılan çox məntiqli tədqiqatlar vasitəsilə informasiya müharibəsində yardımçı olmalıyıq. Bu başqa və geniş bir mövzu olsa da onu qeyd etmək istərdim ki, əhalinin rifah halının yüksəlməsi, idarəetmə sisteminin modenləşməsi üçün ölkə daxilində fundamental islahatlar start götürməlidir.
Əkrəm Bəydəmirli