2024-cü il martın 22-də “Crocus City Hall” konsert zalında kütləvi terror aktı törədilib. Xeyli günahsız insanın ölümünə səbəb olmuş bu terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşma tələb edir. Təəssüf hissiylə qeyd edirik ki, teleaparıcı, jurnalist Vladimir Solovyovun məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri, eyhamları ölkəmizə münasibətdə informasiya təxribatıdır. O, nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun “konsprioloji təfəkkürü”nü işə salmasına heç bir ehtiyac yoxdur. Onun təxrtibata bu şəkildə etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna növbəti zərbə vurmaq cəhdidir.
Qeyd edək ki, Solovyovun erməni əsillilərlə “işbirliyi”ni təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Belə ki, o, 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirməyə cəhd etmişdir. “Crocus City Hall” terroru ilə bağlı eyhamları eyni yarıtmaz “dəst-xəttin” davamıdır. Hiss olunur ki, başlıca məqsəd Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) V.Solovyovun və onun kimilərinin “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. MQF Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır.
Biz, sıralarında 700- dən çox QHT- ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq ümidvarıq ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli ictimai və hüquqi qiymət veriləcək.