“Bu günün ədəbiyyatında geniş mütaliə, özünə qədər olan böyük ədəbiyyatı öyrənmək, bir də zəhmət çatışmır”.
Bu sözləri Oxu.Az-a müsahibəsində tənqidçi, tərcüməçi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə deyib. Onunla müsahibəni təqdim edirik:
– Ədəbi mühitin dünəni və bu günü arasında hansı fərqi görürsünüz?
– İndi ədəbiyyatdan daha çox danışırlar, nəinki yazırlar. Danışıq, müzakirə baş alıb gedir, söz-söhbətə çox yer verilir, nəinki ədəbiyyatın özünə. Ədəbiyyatın əvvəlki və indiki dövrlərini müqayisə etmək istəsək, qəribə bir mənzərə ilə üzləşərik. Mən 1960-cı illərdən üzü bu yananı götürürəm. 1960-cı illər ədəbiyyatın elə mərhələsidir ki, bu günün ədəbiyyatına birbaşa işıq saçır. Düzdür, bizim ədəbiyyatımızın əsas kökü, söykənəcək yeri klassik ədəbiyyatımızdır, amma o çox uzaqdır.
Biz müasir, indiki ədəbiyyatdan danışırıqsa, o daha çox, 1960-ci illər ədəbiyyatına söykənir. Ümumiyyətlə, deyim ki, həmin illər təkcə Azərbaycanda, SSRİ-də deyil, bütün dünyada çox əhəmiyyətli bir mərhələdir. O vaxt biz bunu bilmirdik. Çünki sovet məkanından kənarda baş verənlərdən bir o qədər də məlumatlı deyildik. O dövr bütün dünya ədəbiyyatı və incəsənəti üçün inkişaf dövrü olub. Sanki geokosmik bir hadisə olub bu. Ədəbiyyat bütün dünyanı əhatəsinə alıb. Həmin dövrdə gözəl bir ədəbiyyat yaranıb. Azərbaycan ədəbiyyatının çox parlaq nümunələri məhz bu dövrdə ortaya çıxıb.
Qeyd etmək istərdim ki, nəinki həmin dövrdə ədəbiyyata gələnlər, hətta onlardan əvvəlkilər də o illərdə daha maraqlı, diqqəti daha artıq çəkən əsərlər yazıblar. Yenilənmə gedib, sanki. Bunu da deyim ki, bu özünü təkcə prozada deyil, poeziyada da göstərib. Yenilənmə, dəyişiklik həm forma, həm də məzmun cəhətdən getmişdi. Anar, Sabir Əhmədov, İsi Məlikzadə, Elçin, Fərman Məlikzadə və başqaları həmin dövrün yetirmələridir. Həmin dövrdə inkişaf sürətlə gedirdi. Sanki kosmosa bir daş atılmışdı. O daş Yer kürəsinin cazibəsindən çıxmışdı və get-gedə sürətini artırırdı.
1990-cı illərdə meydan hadisələri, Birinci Qarabağ müharibəsi, torpaqlarımızın işğalı kimi hadisələr ədəbiyyatda bir durğunluğa səbəb oldu. Sanki birdən-birə çökdü ədəbiyyat. Halbuki, ona qədər ədəbiyyat sürətlə inkişaf edirdi. Amma bu durğunluğun özündə də özünəməxsus bir intibah vardı. Ədəbiyyat siyasi, iqtisadi, ictimai problemlərə baxmayaraq, özlüyündə yenidən yol tapıb inkişaf etmək üçün yollar axtarırdı. Çevriliş baş vermişdi – şüurlarda çevriliş idi bu. Həmin bu çevriliş indiyə qədər davam edir. Yəni getdikcə təkmilləşir, cilalanma prosesi gedir. Ədəbiyyatın batininin və xaricinin nədən ibarət olduğu, mahiyyəti, nəyə xidmət etdiyi indi aydın şəkildə özünə büruzə verməyə başlayır. 1990-larda bunlar görünmürdü. Çünki o zaman, elə bil, üzə bilməyən adamları atmışdılar dənizə, hərə özü bildiyi kimi çabalayır, batmamağa, üzə çıxmağa çalışırdı. Yəni ədəbiyyatda hərə özü bildiyi kimi nəsə yaratmağa, özünü göstərməyə çalışırdı. İndi isə düzənlənmə dövrü başlayıb. İmzalar görünür. Artıq indi prosesin özündə ciddi ədəbiyyatın yaranmasının ərəfəsi görünür.
O ki qaldı müqayisəyə… Bəzən deyirlər, ədəbiyyatda geriləmə var, bəzən də deyirlər, indi daha yaxşıdır. Bu, həmişə belə olub. Həmişə ədəbiyyat iki cinaha ayrılıb. Əks qütblərdə dayananlar bir-birini bəyənməyiblər. Amma bir şey də var ki, indi gündəlik həyatda, cəmiyyətdə gedən proseslər insanların beynini o qədər məşğul edir ki, onlar ədəbiyyatdan daha çox danışırlar, nəinki yazırlar. Dedi-qodu həddindən artıq çoxdur. Ədəbiyyat necə olmalıdır, poeziya nədir, hansı poeziya daha yüksəkdir, dünyəvidir, ədəbi tənqid nədir və s. kimi suallar adamları daha çox düşündürür. Bundan başqa, ədəbiyyat adamlarının sıraya düzülməsinə rast gəlirik son vaxtlar. Kim şairlər arasında birincidir, kim ikinci, kim axırıncı… Eyni prosesi nasirlərə qarşı münasibətdə də görürük. Birinci kimdir, üçüncü kimdir… Dəhşətdir. Gərək hərə başını aşağı salıb, öz işi ilə məşğul ola.
– Ədəbiyyatda indi nə dəbdədir?
– İndi ədəbiyyatda “mən roman yazıram” demək dəbdədir. Mənim bu sözümdən inciyənlər də olacaq, qoy incisinlər. Bu gün roman yazmaq meylində mən dəblə ayaqlaşmaq, şöhrət qazanmaq, “mən romançıyam” deyib sinəsinə vurmaq istəyi görürəm. Və bunu da xüsusi vurğulamaq istəyirəm ki, indi daha çox “roman yazıram” deyən görürəm, nəinki doğrudan da, sözün əsl mənasında kamil roman yazan.
– Məncə, tarixi roman yazmaq cəhdləri daha çoxdur.
– Haqlısınız, tarixi romana meyil daha güclüdür. Amma bu romanlar bütün dünyada qəbul olunmuş tarixi romanlar səpkisində deyil. Bu, bir növ, qeyri-ciddi tarixi yanaşma səviyyəsində, diletant səviyyəsində olan tarixi romanlardır. Yəni həmin romanlarda tarixilik diletantlıq səviyyəsindədir. Ciddi tarixi roman yazmaq çox böyük və ağır bir işdir. Bu işə girişən gənclər o zəhmətə qatlaşmaq istəmirlər. Onlar hamının bildiyi hər hansısı mövzunu götürür, hamını bildiyi üç-dörd fakta söykənərək nə isə yazırlar. Yəni kitabxana qapısı açmadan, yazdığı mövzunun dərinliklərini araşdırmadan, oradan-buradan eşitdiklərindən, hamının dillər əzbəri olan materiallardan istifadə etməklə roman yazırlar. Yazıçı tarixi romanda hətta tarixçilərin belə, nüfuz edə bilmədiyi nöqtələrə, gizlinlərə nüfuz edə bilməlidir. Adam onları oxuyanda heyrət edir. Məsələn, İlqar Fəhminin romanını oxuyanda heyrət etdim. Keçmişin interyerini, əşyaları, ab-havanı o qədər dəqiq və gözəl təsvir edib ki, hər şey ən xırda detalına qədər gözümün önündə canlanır. Üstəlik, tarixi roman yazanlar bilməlidirlər ki, bu tip əsərlərdə qətiyyən müasir dildə danışmaq olmaz. Söz ehtiyatımızın köhnə, həmin əsrə məxsus sözləri ilə o dövrün ab-havasını yaratmaq lazımdır. İndiki əsərlərin çoxunda vəziyyət təxminən belədir: Məsələn, şah vəziri yanına çağırır, ona tapşırıq verir, vəzir də cavabında “problem deyil” deyir. Baxın, “problem deyil” ifadəsinin axı tarixi romanda nə işi var?
– Bu günün ədəbiyyatında nə çatmır?
– Bu günün ədəbiyyatında mütaliə, özünə qədər olan böyük ədəbiyyatı öyrənmək, bir də zəhmət çatmır. Bəzən görürsən ki, adamın istedadı var, amma zəhmət çəkmək istəmir. Bax, ən pisi budur. Bizim əvvəlki dövr yazıçılarımız yazı işinə çox ciddi yanaşırdılar. Yazdıqları mətni heç vaxt dərhal çapa vermirdilər. Məsələn, Sabir Əhmədli yeni yazdığı romanı “Azərbaycan” jurnalına düz bir ildən sonra təhvil verirdi. Çünki əsəri yazdıqdan sonra hələ bir il ərzində ona dəfələrlə baxır, yenidən redaktə edirdi. Amma indi yazıb nöqtə qoyan kimi çapa tələsirlər.
– Ədəbi tənqidlə bağlı danışaq. Daim ədəbiyyat adamlarını, elə oxucuları da “ədəbi tənqid lazımdırmı?” sualı çox düşündürüb.
– Əvvəla, bundan başlayaq ki, ədəbi tənqid kimisə tənqid, təhqir etmək və ya düzgün yazmağı öyrətmək üçün deyil. Ədəbi tənqid təhlildir, polemikadır. Bu, ədəbiyyat haqqında ciddi söhbətdir. Yəni yazılmış ədəbiyyatın sağlam təhlil əsasında müzakirəsidir. Belə baxanda, bu gün çoxu özünü tənqidçi adlandırır. Tam ciddi deyə bilərəm ki, indi bizdə cəmi iki-üç peşəkar tənqidçi var.
– Tərcümə ədəbiyyatı ilə bağlı ciddi narazılıqların olduğunu eşidirik. Siz bir peşəkar tərcüməçi kimi tərcümənin hansı səviyyədə olduğu barədə nə deyə bilərsiniz?
– Tərcümə ədəbiyyatı ilə bağlı müxtəlif fikirlər gəzir. Son zamanlarda tərcümə ilə məşğul olanların sayı artıb. 1980-90-cı illərdən sonra insanlarda xarici dilləri öyrənməyə meyil artıb. Amma məsələ burasındadır ki, hər dil bilən adam bədii tərcümə ilə məşğul ola bilməz. Çünki bunun üçün dil bilgisi ilə yanaşı, yazıçı istedadı da olmalıdır. Müasir gənclər bizim dövrümüzdən fərqli olaraq dünya ədəbiyyatında gedən prosesləri rahatca izləyə bilirlər. Çünki internet dövrüdür. Hər şey çox əlçatandır. Bundan başqa, senzura da yoxdur. Bizim dövrdəki kimi tərcüməsinə, çapına qadağa qoyulan yazıçılar, əsərlər də yoxdur. Di gəl ki, keyfiyyət də yoxdur. Bunun səbəblərindən biri qiymətlərin çox aşağı olmasıdır. Mən qiymətlər deyəndə qonorarı nəzərdə tuturam. Bilirsiniz, tərcümə çox zəhmət tələb edən, əziyyətli işdir. Ona verilən pul aşağı olanda vəziyyət, bax, bu yerə gəlir. O zəhmətin qarşısında verilən qonorar heç nədir. İnsan o məbləğə ancaq ədəbiyyata olan sevgisinə görə yaxşı mətn ortaya qoya bilər. Çünki bu məbləğ az qala pulsuz işləmək kimi bir şeydir.
Amma bunu da deyim ki, tərcümə heç vaxt tam orijinal kimi ola bilməz. Orijinala ancaq yaxınlaşmaq olar. Və tərcüməçi nə qədər çox yaxınlaşa bilirsə, bir o qədər peşəkardır. Amma indiki tərcümələrin – hamısı deməyim, – amma çoxu, görürsən ki, nəinki orijinal mətnə yaxınlaşmır, az qala, heç yanından da keçmir. İnternet üzərindən olan tərcümə proqramları da bu sahəyə ciddi ziyan vurur. Proqramla tərcümə olunmuş mətn heç vaxt sözün əsl mənasında mətn ola bilməz!
– “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qatır Məmməd”, “Qarlı aşırım”, “Gün keçdi” və s. kimi məşhur filmlərin redaktoru olmusunuz. Özünüz də 20-dən artıq filmin ssenari müəllifisiniz. Yəni kinoda adı olan adamsınız. Bu gün kinomuzda nə çatmır?
– Deyirsiniz ki, mən kinoda adı olan adamam. Mən bunu qəbul etmirəm. Yox, mən kinoda tək adı yox, canı, ruhu da olan adamam. Kino mənim üçün çox doğmadır. Ədəbiyyatın, yoxsa kinonun mənə daha əziz olduğunu ayırd edə bilmirəm. Bəlkə də, hansısa xoş xatirələrə görə kino daha yaxındır mənə. Qaynar gənclik eşqi ilə işlədiyim, sevgimi, ruhumu qoyduğum əsərlər idi onlar. Kinostudiyada Tofiq Tağızadə, Arif Babayev, Eldar Quliyev, Oqtay Mirqasımov və başqaları ilə bir yerdə işləmişəm. 1960-80-ci illər – mənim kinostudiyada işlədiyim illər – Azərbaycan kinosunun bir intibah dövrü idi. Mən buna “qızıl dövr” də deyirəm. “Bir cənub şəhərində” filmi ilə başlayıb, “Dəli Kür”, “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Babək”, “Nəsimi” və s. kimi Azərbaycan kinosu tarixinə adları həkk olunmuş filmlər məhz həmin dövrdə çəkilib.
– Bəs indi niyə belə gözəl filmlər çəkilmir?
– Mən bir yaxşı aşpaza keyfiyyətsiz, ucuz ərzaq verim və deyim ki, bundan yaxşı bir plov dəmlə. Mümkün deyil axı. Bax, film də belədir. Yaxşı film çəkmək üçün çox yaxşı maliyyə lazımdır. Yaxşı pul ona görə lazımdır ki, yaxşı rejissor, yaxşı ssenarist, yaxşı aktyor lazımdır. İnanın mənə, az pulla kino çəkmək olmaz. Bu, mümkün deyil. Bəzən müqayisə edirlər Avropa ilə, ABŞ ilə. Axı oralarda bu, artıq böyük bir sənaye kimi oturuşub, filmlərə pul qoyulur, pul götürülür. Orada böyük bir alıcı, istehlakçı bazar var. Orada istehsal edən də var, istehlak edən də. Bizdə isə bu sənaye yoxdur. Götürək elə Türkiyəni. Orada bir aktyora verilən pula bizdə bir film çəkilir. Fərqi görürsünüz? Müqayisə etmək belə, gülməlidir.
– Məşhur “Pıspısa xanım və Siçan bəy” cizgi filminin ssenari müəllifisiniz. Film 1974-cü ildə çəkilib. Üstündən 50 il keçib. Hələ də sevilir. Bəs bu gün cizgi filmləri sənayesində vəziyyət necədir? O cür yaddaqalan filmlər, personajlar niyə yoxdur?
– Yaxşı cizgi filmi üçün də yaxşı pul lazımdır. Amma bundan da əvvəl abstrakt təfəkkür, xüsusi düşüncə tələb olunur. Bu işlə məşğul olan adamların beyni fərqli köklənir, ancaq cizgi ilə yaradılmış obrazları düşünürlər. Belələri bizdə də var, amma azdır. Mən deməzdim ki, son illərdə heç nə çəkilmir. Çəkilir. Müəyyən cəhdlər var. Amma çatışmazlıqlar da az deyil. Ümid edirəm ki, bu sahəyə normal pul ayrılacaq və cizgi filmləri sənayemiz də inkişaf edəcək.
– İncəsənətin, ədəbiyyatın bir çox sahələrində iziniz var. Bəs fəaliyyətinizi fərqli bir sahəyə bağlamadığınıza görə peşmanlıq hissiniz olubmu?
– Yox, peşmanlıq deməzdim mən buna. Amma ürəyim ta uşaqlıqdan incəsənətin başqa bir sahəsində olub. Amma əfsus… Bilirsiniz, mən Şuşada doğulmuşam. Amma musiqi təhsilim yoxdur. Oxumağı çox sevirəm, deyirlər, yaxşı da səsim var. Kaş vokalçı olaydım. Dost məclislərində əhvalım yaxşı olanda xahişsiz-filansız oxuyuram da. Ətrafımda olan peşəkar ifaçılar düzgün oxuduğumu deyirlər. Bu qədər…
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın